Çin şirkətinin sanksiyalara baxmayaraq son süni intellekt texnologiyasında TSMC çiplərindən istifadə etməsi Pekinin kritik sektorda özünütəminetmə cəhdləri ilə bağlı suallar doğurur. Texnoloji üstünlük uğrunda yarışın idarə etdiyi yarımkeçirici sənayesi geosiyasi rəqabət meydanına çevrilib.
Çinin aparıcı texnologiya nəhənglərindən biri olan “Huawei” bu cür sövdələşmələrin qarşısını almağa yönəlmiş ABŞ sanksiyalarına baxmayaraq son süni intellekt texnologiyasında Tayvan Yarımkeçirici İstehsalat Şirkəti (TSMC) tərəfindən istehsal olunmuş qabaqcıl çiplərdən istifadə etməkdə ittiham edilir. Bu açıqlama “Huawei”nin Çində yerləşən çip dizayneri “Sophgo” və kriptovalyuta mədən avadanlıqları istehsalçısı “Bitmain” kimi üçüncü tərəf şirkətlərlə işləyərək ABŞ-ın ticarət məhdudiyyətlərini aşdığına dair hesabatların yayımlanmasının ardından ötən həftə ortaya çıxıb.
Hər iki şirkət bu iddiaları rədd etsə də, şirkət qeydiyyat sənədləri “Sophgo”nun həmtəsisçisi “Micree Zhan”ın “Bitmain”in yaradılmasında da iştirak etdiyini göstərir. ABŞ sanksiyalarından sonra Çin yarımkeçirici sənayesində özünütəminetməni təşviq edirdi. Bu səylərin bir hissəsi olaraq ötən ay “Huawei” “Nvidia”nın “H100” modelinə potensial rəqib kimi “Ascend 910C” çipini sınaqdan keçirməyə başlayıb. Lakin, ticarət qadağalarına baxmayaraq TSMC çiplərindən son zamanlarda istifadə etməsi Çinin texnoloji müstəqillik strategiyası ilə bağlı müzakirələri yenidən alovlandırıb və qlobal ticarət məhdudiyyətlərinin tətbiqi məsələsində narahatlıqlara səbəb olub.
“Bloomberg”in məlumatına görə, “Huawei”nin TSMC çip istehsalına olan asılılığı Çinin kifayət qədər qabaqcıl çip istehsal etməkdə davamlı çətinliklərlə üzləşdiyini və ölkənin daxildə yüksək səviyyəli çiplər istehsal etmək qabiliyyətinin hələ də zəif olduğunu göstərə bilər.
Arxa qapı taktikaları
“Zero Risk International” şirkətinin risk analitiki və direktoru Toni Lofrana (Tony Loughran) görə, sanksiyaları aşmaq üçün üçüncü tərəf tədarükçülərdən istifadə edilməsi – adətən "arxa qapı" olaraq bilinən üsul – yeni bir taktika deyil.
Lofran “TRT World”ə bildirib: "Arxa qapı və ya üçüncü tərəf mənbələrindən istifadə illərdir dövlətlər arasında tətbiq edilən bir metoddur."
O, bu konsepti tarixi bir nümunə ilə izah edir: "Hər iki İraq müharibəsi zamanı neft ixracına qadağa qoyulmasına baxmayaraq, bəzi ölkələr qara bazarda neft alıb satmağı bacardılar. Yüksək tələbat olduqda adətən gəlirli bir ticarət zənciri qurmağa və həll yolu tapmağa hazır olanlar olur."
Eyni model “Huawei” üçün də keçərlidir. “Ascend 910B” prosessorlarının TSMC-nin qabaqcıl 7 nanometr texnologiyası ilə istehsal olunduğu ehtimal edilir və “Bloomberg” bu çiplərdən ən azı birinin “Huawei”nin ən son süni intellekt həlləri arasında aşkar edildiyini bildirir. “Huawei”nin avqust 2020-ci ildə qara siyahıya salındığı nəzərə alınarsa, şirkət əsasən “Semiconductor Manufacturing International Co. (SMIC)” kimi yerli istehsalçılara güvənirdi. Lakin, SMIC tərəfindən istehsal olunan süni intellekt çiplərinin aşağı məhsuldarlığı (istehsal olunan çiplərin cəmi 20%-nin düzgün işləməsi) Çinin yarımkeçirici sənayesindəki məhdudiyyətləri ön plana çıxarır və “Huawei”ni çipləri başqa mənbələrdən əldə etməyə məcbur edə bilər.
Necə işləyir?
"Bu, adətən, rəsmi olaraq qanuni müştərilərə xidmət etdiyini iddia edən və tədricən sanksiya tətbiq edilən ölkələrə resursları yönəldən üçüncü tərəf şirkətləri vasitəsilə baş verir", – deyə risk eksperti Toni Lofran bildirib. “Huawei”nin vəziyyətində çiplər onun əlinə keçməzdən əvvəl bir neçə tədarükçüdən keçmiş ola bilər. Bu mürəkkəb təchizat zənciri aidiyyəti istehsalçıları birbaşa hədəf almadan məhdudiyyətlərin aşılmasına imkan yaradır. Lofran bu cür əməliyyatlarla əlaqəli risklər barədə xəbərdarlıq edir: "Ən böyük narahatlıq odur ki, yarımkeçirici çiplər məhdudiyyətləri bu qədər asanlıqla aşa bilirsə, inkişaf etmiş silahlar və müdafiə sistemləri kimi yüksək riskli sahələrdə daha da böyük ehtiyat tələb olunur."
O, bu hadisəni İsrailin rabitə cihazı ilə bağlı keçmiş bir hücumu ilə müqayisə edir: "Bu ssenari Tayvanın rabitə cihazlarının üçüncü tərəf podratçısına satılması və sonradan Hizbullahı hədəf almaq üçün dəyişdirilməsi ilə bağlı son hadisəyə bənzəyir." Onun bu müqayisəsi zəif tənzimlənən texnologiya tədarük zəncirlərinin potensial nəticələrini göstərir.
Özünütəmin uğrunda mübarizə?
Çinin texnoloji müstəqillik istəkləri prezident Şi Cinpinin Qərblə artan gərginlik fonunda texnologiyada özünütəminetməyə ehtiyac olduğunu vurğulaması ilə hökumətin əsas siyasətinə çevrilib. Lakin, “Huawei”nin süni intellekt prosessorları üçün TSMC-yə olan asılılığı bu məqsədlərin hələ də reallıqdan uzaq olduğunu göstərir. Hesabatlar “Huawei”nin öz çiplərini kommersiya miqyasında istehsal etməkdə çətinlik çəkdiyini vurğulayır.
Biden administrasiyası sərt ixrac nəzarəti tətbiq etdikdən sonra TSMC və digər tədarükçülərin “Huawei”yə məhsul və xidmət satışı üçün ABŞ Ticarət Departamentindən icazə alması tələb olunur. “Huawei” buna cavab olaraq demək olar ki, bütün komponentlərin istehsalını lokallaşdırmağa məcbur qaldı. Bu isə yüz milyonlarla, hətta milyardlarla dollar xərclənməsi və illərlə davam edəcək bir proses deməkdir.
SMIC-in “7nm” çiplərinin aşağı məhsuldarlığı TSMC ilə rəqabət aparmaq üçün tələb olunan keyfiyyət standartlarına çatmağın çətinliyini göstərir.
Gələcəkdə atılacaq addımlar
“Huawei”nin qabaqcıl yarımkeçiricilərə çıxışı ilə bağlı müzakirələr davam edərkən Lofran hökumətlərin və texnologiya şirkətlərinin gələcəkdə bu cür pozuntuların qarşısını almaq üçün proaktiv addımlar ata biləcəyini qeyd edir: "Texnologiya şirkətləri, xüsusilə sanksiyalara məruz qalan və ya yüksək təhlükəsizlik tələbləri olan sahələrdə təchizat zəncirinin bütövlüyünü yoxlamaq üçün müstəqil auditorlarla işləməlidir."
O, həmçinin, BMT-nin bu cür fəaliyyətləri tənzimləməkdə rol oynaya biləcəyini vurğulayır və beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edir.