Ağ Evdən verilən məlumata görə, Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden dünyanın ən kasıb ölkələrinə yardım məqsədilə Dünya Bankının vəsaitləri üçün tarixi bir öhdəlik açıqlamağa hazırlaşır. Bu, ABŞ-ın keçmiş prezidenti Donald Trampın yeni qənaət tədbirləri gündəmi ilə işə başlamasından qısa müddət əvvəl baş verəcək. C.Bayden Beynəlxalq İnkişaf Assosiasiyasına ayrılacaq vəsaitin miqdarını hazırda Rio-de-Janeyroda davam edən G20 Liderlər Sammitində açıqlayacaq. (Redaktor qeydi: Bayden sammitdə 4 milyard dollarlıq yardım vədi verdi.)
Prezident Administrasiyasının Milli Təhlükəsizlik üzrə müşavir müavini Con Finer jurnalistlərə açıqlamasında deyib: “Prezident Bayden Rio sammitində ABŞ-ın tarixi vədini açıqlayacaq və digər liderləri də töhfələrini artırmaq üçün bir araya gətirəcək.” Finer əlavə edib ki, prezident fondun iddialı bir yenilənməyə ehtiyacı olduğunu vurğulayacaq.
Beynəlxalq İnkişaf Assosiasiyası Dünya Bankının güzəştli kreditlər verən qoludur və dünyanın ən kasıb ölkələrində, o cümlədən iqlimlə bağlı layihələrdə istifadə olunur. Con Finer veriləcək dəstəyin dəqiq miqdarını açıqlamayıb.
ABŞ prezidenti altı günlük Cənubi Amerika səfəri çərçivəsində yanvarın 20-də Ağ Evə geri dönməyə hazırlaşan yeni seçilmiş prezident Donald Trampın hakimiyyətə başlamasından əvvəl beynəlxalq mirasını gücləndirməyə çalışır. O, noyabrın 17-də, bazar günü, Braziliyada Amazon tropik meşələrini ziyarət edərək iqlim dəyişikliyi ilə bağlı siyasətlərini tanıdıb. Eyni zamanda Amerikanın illik ikitərəfli iqlim maliyyəsini 11 milyard dollara çatdırmaq hədəfinə nail olduğunu açıqlayıb.
Qeyd edək ki, Donald Tramp Co Baydenin bir çox siyasətini ləğv edəcəyini bəyan edib və texnologiya milyarderi İlon Maskı federal hökumətin israfını hədəf alan Hökumət Səmərəliliyi Departamentinin başına gətirib.