Amerikanın demokratiya təcrübəsi 2024-cü ildə prezident seçkilərinin nəticəsindən asılı olmayaraq təhlükə altındadır. Problemlər bu seçkilərdən və qalib gələcək namizəddən daha böyükdür.
ABŞ konstitusiyası “Biz xalqıq” sözləri ilə başlayır. Amerika konstitusiyasının qurucuları 1787-ci ildə sənədi ilk dəfə hazırlayanda böyük ümidlər bəsləyirdilər. O dövrdə dünyada heç bir ölkədə demokratiya mövcud deyildi. Krallıqlar, monarxiyalar və ya xalqın iştirak etmədiyi digər idarəetmə formaları üstünlük təşkil edirdi. Amerikalı tarixçi Ceyms Makqreqor Bornsun (James McGregor Burns) dediyi kimi “Amerika bir təcrübə idi, xalq idarəçiliyi təcrübəsi.”
Benjamin Franklin Filadelfiyada Müstəqillik Salonundan ayrılarkən ona qurucuların necə bir ölkə yaratdıqları soruşulduqda iddialara görə, “Əgər qoruyub saxlaya bilsəniz respublika” deyə cavab verib. Eyni zamanda, Amerikanın tanınmış qurucularından Con Cey (John Jay) isə deyib: “Ölkəni, ölkəyə sahib olanlar idarə etməlidir.” Franklin və Cey Amerikan demokratiyasının ikitərəfliliyini çox yaxşı əks etdirir.
Xalq kimdir?
Konstitusiyadakı “Biz xalqıq” ifadəsi inklüziv deyildi. Konstitusiyanın çərçivəsini hazırlayanlar kölə sahibləri, tacirlər və torpaq ağaları idi. Onlar xalqı kifayət qədər təmsil etmirdilər. Hazırladıqları sənəd köləliyə icazə verirdi və kölələri “beşdə üç insan” kimi qəbul edirdi. Qadınlar çox məhdud hüquqlara malik olan ikinci dərəcəli vətəndaşlar idi. Səsvermə hüququ deyə bir şey yox idi. Amerika Birləşmiş Ştatları prezidentini Seçki Kollegiyası seçirdi. Lakin keçmiş Ali Məhkəmə hakimi Torqud Marşalın (Thurgood Marshall) dediyi kimi, qüsurlu demokratiyalar zamanla inkişaf edir. “Biz xalqıq” vədinin daha inklüziv olması üçün 27 konstitusiya düzəlişi, bir vətəndaş müharibəsi və bir vətəndaş hüquqları hərəkatı lazım oldu, lakin bu belə kifayət etmədi.
Beynəlxalq konsensusun sonu
Amerika demokratiyasında heyranlıq doğuran çox şey var. Bir çoxları üçün bu sistem geniş rifah və şəxsi azadlıq təmin edir. Seçimlərin mövcudluğu hissi isə dünyanın müxtəlif yerlərindən miqrantları cəlb edir.
ABŞ uzun müddət dünya miqyasında demokratiyanın işığı olmuşdur. Soyuq Müharibə dövründə və indiki günümüzə qədər azadlığın lideri və qaydalara əsaslanan beynəlxalq nizamın təminatçısı kimi çıxış etmişdir. 1989-cu ildə Berlin divarının uçması və 1991-ci ildə SSRİ-nin dağılmasından sonra ABŞ ən azından müvəqqəti olaraq yeganə mövcud super gücə çevrildi. Lakin indi, 30 ildən çox vaxt keçdikdən sonra dünya əhəmiyyətli dərəcədə dəyişib. ABŞ artıq əvvəlki kimi dominant güc olmaya bilər. Hətta bəziləri onun gerilədiyini və ya ciddi problemlərlə üzləşdiyini düşünür. Bu səbəbdən bəzi şəxslər beynəlxalq mühitin Amerika demokratiyasına meydan oxuduğunu iddia edirlər. Soyuq Müharibənin bitməsi ilə ABŞ-ı onilliklər boyu bir arada tutan siyasi fikir birliyi parçalanıb.
Yaxınlaşan sınaq
Bəzi şəxslər üçün ABŞ demokratiyasının qüsurları fərdi xarakter daşıyır. Onun gələcəyi bu il keçmiş prezident Donald Trampın yoxsa vitse-prezident Kamala Harrisin seçilməsindən asılı olaraq qeyri-müəyyənlik içindədir. Lakin vəziyyət namizədlərin şəxsiyyətindən daha geniş bir məzmuna malikdir. Demokratiyanın problemləri çoxşaxəlidir və fərdi şəxslərdən daha əvvələ gedib çıxır.
Amerika tarixi seçki hüququnun mərhələli genişlənməsinin tarixçəsi olsa da, eyni zamanda insanların səsvermə hüquqlarını məhdudlaşdırmağa çalışan əks tendensiyaları da əhatə edir.
Demokratiyanın göstəricisi olan ümumi seçki hüququ ABŞ-da geniş şəkildə qəbul edilmir və kimlərin səs vermək hüququna sahib olması ilə bağlı partiya münaqişəsi davam edir.
Dünyada konstitusiya baxımından ümumi səsvermə hüququ olmayan və vətəndaşlarının prezidentini birbaşa seçmə hüququna malik olmadığı yeganə demokratik ölkə ABŞ-dır. Xüsusi vəsaitlər Amerika Birləşmiş Ştatlarının siyasi prosesini pozur. Sorğuların bir çox məsələdə geniş fikir ayrılığını göstərdiyi siyasi qütbləşmə ilə dolu bir dünyada yaşayırıq.
Bugünkü Amerika tarixində heç olmadığı qədər varlı və kasıb arasında böyük sərvət və gəlir bərabərsizliyi ilə əziyyət çəkir. Eyni zamanda irqi ayrı-seçkilik də mövcuddur. Reproduktiv hüquqlar uğrunda mübarizə cəmiyyətdə qadın və kişi arasında bölünməyə işarə edir. Biz ayrı və qeyri-bərabər iki dünyada yaşayırıq. Abraham Linkolnun bir zamanlar dediyi kimi: “Öz içində bölünmüş ev dayana bilməz.”
ABŞ 18-ci əsrdə yazılmış dünyanın ən qədim konstitusiyasına malikdir və onu 21-ci əsrin kompüter və süni intellekt dünyasına uyğunlaşdırmağa çalışır. Bu konstitusiya ABŞ-ın dövrümüzdə qarşılaşdığı problemləri həll etmək üçün artıq kifayət etməyə bilər. ABŞ zəiflədikcə dünya miqyasında demokratiya da zəifləyir.
"Freedom House" qeyri-hökumət təşkilatı qeyd edir ki, 1970-ci illərdən təxminən 2000-ci ilə qədər demokratiyanın əhəmiyyətli dərəcədə yayılmasından sonra Amerika təcrübəsi artıq qlobal geriləmə içindədir. Demokratiya qlobal təcrübənin bir hissəsidir. Əgər ABŞ-da uğursuz olarsa, bu, qlobal miqyasda da uğursuzluqla nəticələnəcəkdir. ABŞ-ı çətin vəziyyətə salan məsələləri həll etmək heç də asan deyil. 2024-cü il seçkilərinin nəticələrinin bu problemlərlə başa çıxıb-çıxmayacağı isə hələ bəlli deyil.