Haiti paytaxtı Port-o-Prensdə yaşayan 16 yaşlı bir yeniyetmə İnsan Hüquqları üzrə Müşahidə Təşkilatına 14 yaşında olarkən “Village de Dieu” adlı cinayətkar dəstəyə qoşulduğunu bildirib. “Dəstəyə qoşulmamışdan əvvəl anamla yaşayırdım. Yemək və geyim tapmaq həqiqətən çətin idi”,- deyə o bildirib və əlavə edib: “Evdə yemək yox idi. Amma dəstədə olarkən yemək yeyə bilirdim.”
Bu tək bir hadisə deyil. Karib dənizi ölkəsi 2021-ci ildən bəri xaos içindədir. Dəstələr paytaxtı və digər əraziləri ələ keçirərək qida və tibbi ləvazimat çatışmazlığına səbəb olmuşdur. Haitidə çoxlu sayda uşaq dövlətin çökməsi ilə paytaxtın nəzarətini ələ keçirən və zəifləri istismar edən zorakı dəstələr tərəfindən silahlandırılır.
Beynəlxalq siyasət üzrə professor Amalendu Misra "Yoxsulluq, qayda-qanunun pozulması və qanunsuzluq Haitidə dəstələrin uşaqları silahlandırmasının əsas səbəbləridir" deyir. O, toqquşmalar səbəbindən yetim qalan bir çox uşağın aclıqdan xilas olmaq üçün yeganə yol olaraq dəstələrə qoşulduğunu bildirib. “TRT World”ə verdiyi açıqlamada "Uşaqların dəstələrə qoşulmasının qarşısını alacaq qanuni hakimiyyət olmadığı üçün dəstələr heç bir cəza almadan fəaliyyətlərini davam etdirir" dedi.
Cinayətkar dəstələr tez-tez uşaqlara yemək, qorunma və mənsubiyyət hissi təklif edərək yaxınlaşır. Çox az seçimi olan gənclər bu tələyə düşür. Bu dəstələr qorxu ilə idarə edir. Adam oğurluğu, hədə-qorxu və zorakı bölgə müharibələri kimi cinayətlər törədirlər. Müdaxilə edə biləcək fəal bir hökumət olmadığından bu dəstələr artıq Port-o-Prensin təxminən 80 faizinə nəzarət edirlər.
Qanunsuz dövlət
Haitinin qanunsuzluğa sürüklənməsi xüsusilə 2021-ci ildə Prezident Jovenel Moise sui-qəsdi ilə sürətli və dağıdıcı oldu. Ölümündən sonra yaranan hakimiyyət boşluğu səbəbilə dəstələr paytaxtın böyük hissəsini nəzarət altına aldı.
Bu ərazilərdə həyat zorakılığa əsaslanır. İnsan oğurluğu, hədə-qorxu və silahlı toqquşmalar adi hallara çevrilib. Uşaqlar hər zaman təhlükə altındadır və dövlət onları qorumaqda çox zəif qalıb. Yardım təşkilatları aclıq və həddindən artıq yoxsulluğun bir çox ailəni ümidsizliyə sürüklədiyini və bu səbəbdən cinayətkarların istismarına açıq vəziyyətə gətirdiyini bildirir. Dünya Qida Proqramına görə, Haiti əhalisinin yarısından çoxu kəskin aclıqla üz-üzədir və bundan ən çox uşaqlar təsirlənir.
Misra "Nəticədə, sağ qalmaq uğrunda mübarizədə hətta valideynlər belə uşaqlarının dəstələrə alınmasına göz yumur" deyir.
Mütəxəssislər Haitidəki iqtisadi böhranın dərinləşməsi ilə bu meylin son iki ildə əhəmiyyətli dərəcədə pisləşdiyini bildirir.
10 yaşlı uşaqlar müşahidəçilik etməyə, silah daşımağa və zorakılıq hərəkətlərində iştirak etməyə məcbur edilir. Bir çoxu "yox" deyə bilmir, çünki aclıq və zorakılıq onlara başqa seçim imkanı vermir.
Cinsi zorakılıq narahatedici həddə çatıb
Siyasi qeyri-sabitlik və sosial narahatlığın hökm sürdüyü mühitdə dəstələrin artması ilə cinsi zorakılıq da narahatedici həddə çatıb. BMT İnsan Hüquqları Ofisinin mart ayında yayınladığı hesabatda ölkədə cinsi zorakılığın qeydə alınmadığı və əsasən cəzasız qaldığı qeyd olunub və dəstə üzvləri tərəfindən törədilən çox sayda təcavüz hadisəsi sənədləşdirilib. Qadınlar və qızlar dəstələrin nəzarəti və terror yaymaq üçün taktika olaraq istifadə etdiyi dəhşətli zorakılıq hərəkətlərinə məruz qalır.
Amalendu Misra "Qızlar cinsi köləliyə məcbur edilir, düşərgələrdə təmizlik və yemək bişirmək kimi işlərə yönləndirilir. Oğlan uşaqları isə müşahidəçi və casus olaraq öyrədilir. Polis tərəfindən hədəfə alınma ehtimalı daha az olduğuna görə onları polislərə qarşı döyüşlərdə ön sıraya göndərirlər" deyir və əlavə edir: “Bir neçə dəstə üzvü tərəfindən təcavüzə uğrayan qızlar ya hamilə qalır, ya da cinsi yolla keçən xəstəliklərə yoluxur. Hamilə olduqları zaman düşərgədən qovularaq fahişəliyə məcbur edilirlər."
Çökən təhsil sistemi
Haitinin kövrək təhsil sistemi artıq çöküş həddindədir. Dəstələrin nəzarətində olan bölgələrdə bir çox məktəb bağlanmağa məcbur olub, müəllimlər isə zorakılıq və hədə-qorxu ilə üzləşirlər.
Təhsil çatışmazlığı uşaqların dəstələrə qoşulmalarına səbəb olan şəraitin qapanmasına daha çox təsir edir. Mütəxəssislər xəbərdarlıq edir ki, dünya bu vəziyyətə göz yummağa davam edərsə, Haitili uşaqlara vurulan ziyan geri dönülməz olacaq.