Qəzzada uşaqlıq qısa və acı bir xəyaldır. Zeyna əl-Qul əş-Şati qaçqın düşərgəsindəki ərzaq mərkəzindən çörək almağa göndərilən uşaqlardan biri idi. Çörək alıb geri dönəcəkdi, lakin 27 oktyabrda atası ilə birlikdə BMT tərəfindən idarə olunan bir məktəbdə növbədə gözləyərkən İsrailin hava hücumu baş verdi. Zeyna həmin an oradaca həyatını itirdi. Atası sağ qaldı amma vəziyyəti kritikdir. Hücum nəticəsində üçü jurnalist olmaqla səkkiz fələstinli həyatını itirdi.
“Özümü çox pis hiss edirəm. Uşaqlar gözlərimin önündə İsrail raketləri ilə öldürüldü”, – deyir Zeynanın əmisi oğlu və fələstinli şair Yusri əl-Qul. O, Zeynadan həm kədərlə, həm də dəhşətli bir aydınlıqla bəhs edir. Sanki sözlər bu amansız dağıntını qəbul etmək üçün əlində qalan son çarədir.
Zeyna və bir çox başqaları bombalarla əhatə olunmuş bir şəhərdə sığınacaq tapmaq ümidi ilə həmin məktəbə pənah gətirmişdilər. Bir zamanlar ailələrlə dolu olan küçələr indi yarımçıq qalmış həyatların səssiz şahidinə çevrilib.
Dörd dəfə evindən məcburi köçürülən Sara “TRT World”ə açıqlamasında "Qəzzadakı bir uşaq artıq uşaq deyil" deyərək yaşadıqlarının ağırlığını sözlərində hiss etdirir. O, sonuncu dəfə Qəzzanın şimalından cənubuna qaçıb. Burada yemək, su, təhlükəsizlik kimi əsas ehtiyaclara çıxış məhduddur. “Çox az ərzaq paylanır”, – deyir və əlavə edir: “Bir boşqab uzatdığınızda yalnız özünüzə çatacaq qədər verirlər. Ailənin hər üzvü gedib öz yeməyini götürmək məcburiyyətindədir.” Ailələr bu çətin həyatda qalma mübarizəsinə uyğunlaşaraq uşaqlarını ərzaq mərkəzlərindən yemək və su almağa göndərirlər.
Burada uşaqlıq müharibənin gerçəklikləri tərəfindən silinmiş bir anlayışdır. "Təhsil yoxdur, dərman yoxdur, səhiyyə yoxdur, daimi ərzaq təchizatı yoxdur. Hətta hər iki uşaqdan biri pul qazanmaq üçün işləyir”, – deyə Sara bildirir. At və eşşəkləri idarə etməkdə çətinlik çəkən oğlan uşaqlarının kiçik əllərinə çox ağır gələn işlərlə dolanışığını təmin etməyə çalışdığı qeyd edilir. Yusri beynəlxalq ictimaiyyətə “Sükutunuz cinayətə şəriklikdir” deyərək həm çağırış, həm də ittiham irəli sürür.
Qəzzanın şimalında ağır şərait
Qəzzanın şimalında vəziyyət tamamilə fəlakətlidir. Hava və quru hücumları, blokada, humanitar yardım dəhlizlərinin bağlanması ilə birlikdə insanların həyatda qalmaq üçün imkanları tükənir. Oktyabrın əvvəlindən bəri ərzaq gəlmir. İsrail qüvvələri 26 oktyabrda Kamal Advan Xəstəxanasına hücum edərək xəstələri və tibb işçilərini yemək və sudan məhrum edib. BMT-nin Humanitar Yardım üzrə məsul şəxsi Cois Msuya "Xəstəxanalar bombalanır, tibb işçiləri həbs olunur" deyərək Qəzzanın acınacaqlı vəziyyətini dilə gətirib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bombardmanlar səbəbindən həddən artıq dolu olan xəstəxanalarla bağlı “fəlakət” səviyyəsində sağlamlıq böhranı barədə xəbərdarlıq edir. Əsas materialların olmaması səbəbindən qarşısı alına biləcək ölümlər artır, sağlamlıq şəraiti pisləşir.
Blokada səbəbindən uşaq iflici peyvənd kampaniyası kimi kritik ictimai sağlamlıq təşəbbüslərinin də dayandığı üçün epidemiyalar qorxusu artır. BMT-nin Baş katibi Antonio Quterreş sağlamlıq müəssisələrini və mülki şəxsləri hədəf alan öldürücü səviyyədəki ölüm və dağıntı ilə bağlı dəhşəti dilə gətirib.
Köçürmə kampaniyası
Yusri əl-Qul Qəzzanın şimalında baş verən şiddətin İsrailin fələstinliləri öz torpaqlarından zorla çıxarmaq üçün qəsdən apardığı bir siyasətin tərkib hissəsi olduğunu bildirir. Keçmiş israilli general Giora Eiland sentyabr ayında Qəzzanın şimalındakı əhalinin məcburi köçürülməsi üçün “aclıq” strategiyasına çağırış etmişdi. Rəsmi olmasa da, bu cür tədbirlərin təsiri getdikcə daha aydın görünür. İsrailin nəzarət-buraxılış məntəqələri hərəkəti məhdudlaşdırır və insanların təhlükəsiz yerlərə çıxışına əngəl yaradır. Qaçmağa çalışanlar yolda ölümlə üzləşir.
Bir çox fələstinli üçün qaçmaq seçim deyil. Gedərlərsə bir daha geri qayıda bilməyəcəklərindən qorxurlar. Yusri və başqaları şərait daha da təhlükəli olsa da, qalmaqda və məcburi köçürülməyə qarşı mübarizə aparmaqda qərarlıdırlar.
Qəzza xalqı mühasirədədir və oradakı həyat yalnız həyatda qalmaq uğrunda bir mübarizəyə çevrilib. Yusri dünyanı hərəkətə keçməyə çağırır. O, “Hərəkətə keçməyin, dəstək verməyin, qırğınların dayandırılmasını tələb etməyin zamanı gəldi”, – deyə bildirir.