Bu tapıntılar Osmanlı İmperiyasına aid gəminin batdığı dövr və dənizçilik tarixi barədə çox önəmli məlumatlar verir.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, qazıntılar Mavi İrs Layihəsi çərçivəsində Dokuz Eylül Universitetinin Sualtı Araşdırma Mərkəzi (SUDEMER) tərəfindən aparılır. Bu ilki qazıntılar gəminin batdığı dövrə dair əhəmiyyətli və təəccüblü məlumatların əldə edilməsinə şərait yaradıb. Yeni tapıntılar arasında "yeniçərilərə" aid 14 tüfəng, təxminən 2500 qurğuşun gülləsi və partlamış top güllələri yer alır. Bu, gəminin müharibə dövründə istifadə edildiyini göstərir.
Bundan əlavə, Çin tərəfindən İslam bazarları üçün istehsal edildiyi güman edilən mavi boyalı çini qablar gəminin xüsusi və ya diplomatik missiyada ola biləcəyini göstərir. Qazıntılar zamanı, həmçinin ekipaj və əsgərlərə aid olduğu düşünülen şəxsi əşyalar da tapılıb. Bu əşyalar arasında daraqlar, mis qablar, keramikadan hazırlanmış küplər və bankalar yer alır. Tunisin Cerba bölgəsinə aid keramikalar da gəminin Şimali Afrikadan gəldiyini göstərir.
Bu ərazidə ilk dəfə "yeniçəri" əsgərlərini daşıyan Osmanlı gəmisinin qalıqlarının aşkar edilməsi, tapıntıların tarixi əhəmiyyətini daha da artırır. Qazıntılar zamanı gəmiyə aid bir neçə parça tapılıb, bunlar gəminin tikinti texnikası barədə əhəmiyyətli məlumatlar təqdim edir. Bütün tapıntılar gəminin XVII əsrin ikinci yarısında baş vermiş döyüşdən sonra batdığını göstərir.
Qazıntıların 2025-ci ilə qədər tamamlanması gözlənilir və bu tapıntıların Osmanlı dənizçilik tarixi haqqında yeni və önəmli məlumatlar verəcəyinə ümid olunur.