2024-cü ilin sonunda İsrail, Qəzzada və işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı şiddətli hücumlar həyata keçirdi. Qəzzada və işğal altındakı İordan çayının qərb sahilində axıdılan qanlar görünməmiş həddə çatdı. 2024-cü ildə 35.000-dən çox fələstinli həyatını itirdi və bu, 1948-ci ildə İsrailin işğalı və sionist təcavüzünün başladığı tarixdən bəri ən ölümcül il oldu. Ukrayna isə tarixinin ən qanlı səhifələrindən birini yaşadı.
Livanda ''Hizbullah'' ilə İsrail arasında noyabrın sonunda başlayan 60 günlük kövrək atəşkəs hələ də qüvvədədir. 2024-cü il ərzində 4 minə yaxın livanlı həyatını itirib, Netanyahu administrasiyası isə müxtəlif bəhanələr irəli sürərək atəşkəsi dəfələrlə pozub.
Suriya isə noyabrın sonunda müxalif qüvvələrin Bəşər Əsəd rejiminə qarşı apardığı 11 günlük gərgin mübarizə nəticəsində heyrətamiz bir dönüş nöqtəsi yaşadı. O vaxtdan bəri ölkədə sabitlik hökm sürür.
2024-cü il, qanlı döyüşlərin yaşandığı bir il olaraq tarixə düşdü. Silahlı Münaqişələrin Nəticələrinin Qiymətləndirilməsi Layihəsinin (ACLED) məlumatına görə, 2024-cü ildə ümumilikdə 233 min adam həyatını itirib. Bu rəqəm 2023-cü illə müqayisədə 30% artım deməkdir. 2019-cu ildən bəri zorakılıq aktları iki dəfə artıb və dünyada hər səkkiz nəfərdən biri münaqişələrə məruz qalıb. ACLED-in məlumatına görə, bu zorakılıq ən çox Fələstində olub.
Qәzzadakı münaqişә
2024-cü il Fələstin xalqının iztirablarının dəhşətli həddə çatdığı bir il kimi tarixə düşdü. Bu amansız zorakılıq mühitində ''Həmas'' və İsrail nümayəndə heyətlərinin Qətərin ev sahibliyində apardığı danışıqlar ümidverici addım oldu.
Keçən həftə İsrailin müdafiə naziri İsrael Katz danışıqların hazırkı mərhələsini 2023-cü ilin noyabr ayında həyata keçirilən əsir mübadiləsindən bu yana razılaşmaya yaxınlaşdıqları ən yaxın mərhələ adlandırdı.
Buna baxmayaraq analitiklər İsrailin Qəzzadakı işğalının sona çatacağına şübhə ilə yanaşırlar. ‘‘The New York Times’’ qəzetinin son hesabatına görə, İsrail Aralıq dənizinin bu bölgəsində 19 hərbi baza qurub. Bundan əlavə, İsrail qüvvələri Qəzzanın şimal və cənub hissələrini faktiki olaraq ayıraraq mərkəzdə böyük bir hərbi struktur yaradıb.
Fələstinli professor, yazıçı və siyasi analitik Kamel Havvaş İsrailin genişlənən hərbi mövcudluğunu “uzun sürən işğalın” göstəricisi kimi şərh edir. Havvaş “İsrail Qəzzanın heç bir hissəsini tərk etməyəcək” deyərək ABŞ və Qərbin rəsmi Təl-Əvivə verdiyi dəstəyə diqqət çəkib.
Oktyabrdan etibarən İsrail liderləri, fələstinliləri Qəzzadan tamamilə çıxarmağı hədəflədiklərini bəyan ediblər. Kamel Havvaş hazırkı əməliyyatı tamamilə məhv etmək cəhdi kimi səciyyələndirməkdə tərəddüd etsə də, İsrailin ABŞ və Böyük Britaniyadan aldığı dəstəklə hər şeyi edə biləcəyini vurğulayıb.
2023-cü ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində 14.500-ü uşaq olmaqla 45 minə yaxın fələstinli həyatını itirib, 106.000-dən çox insan yaralanıb. UNICEF-in icraçı direktoru Ketrin Rassel rəsmi internet səhifəsində etdiyi paylaşımda belə deyib: “Qəzzadakı 1,1 milyon uşağın hamısının təcili müdafiəyə və sağlamlıq dəstəyinə ehtiyacı var.”
Ukraynadakı müharibә
2024-cü il Rusiya ilə Ukrayna arasında son dərəcə qanlı münaqişələrin yaşandığı bir il oldu. Rusiya qüvvələri Ukraynanın şərqində əhəmiyyətli irəliləyişlər əldə edərək Kiyev üzərində üstünlük qazansa da, Volodimir Zelenski hökuməti, Rusiyanın intensiv hücumlarına cavab olaraq, Rusiyanın Kursk vilayətinin bəzi hissələrini işğal edərək gözlənilməz bir əks-hücuma keçdi.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Rusiya qüvvələri gündə orta hesabla 30 kvadrat kilometr irəliləyərək ümumilikdə təxminən 4500 kvadrat kilometr Ukrayna ərazisini ələ keçirib. Yaxın vaxtlarda Rusiya qüvvələri Ukraynanın şərqindəki strateji Pokrovsk şəhərinə yaxınlaşaraq mühüm regionları nəzarətə keçirib.
Ötən həftə Moskvada dramatik bir inkişaf yaşandı. Kreml yaxınlığında baş verən partlayışda Rusiyanın radioloji, kimyəvi və bioloji bölməsinə rəhbərlik edən yüksək rütbəli rus generalı İqor Kirillov həlak olub. Ukrayna bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
TRT World-a müsahibə verən rusiyalı politoloq Sergey Markovun məlumatına görə, Kirillov təkcə Ukraynanın deyil, həm də ABŞ-ın hədəfində olub. Kirillovun ABŞ-ın Ukraynadakı kimyəvi və bioloji fəaliyyətlərinə qarşı apardığı kampaniyaya diqqət çəkən Markov deyib: “Bu, amerikalıların ona qarşı qisası idi”. Kirillov 2022-ci ildə etdiyi çıxışında Pentaqonun Ukraynadakı fəaliyyətini "qanunsuz hərbi və bioloji tədqiqatlar üçün bir pərdə" kimi xarakterizə edib və ABŞ-ın Demokrat Partiyasının üzvlərini Ukraynada bioloji silah fəaliyyətini maliyyələşdirməkdə ittiham edib. Ukrayna isə Kirillovu öz əhalisinə qarşı kimyəvi silahdan istifadə etməkdə ittiham edib.
2024-cü ildə Ukraynanın Kursk bölgəsində böyük bir sərhəd əməliyyatı keçirildi. "The Wall Street Journal" bu əməliyyatı “İkinci Dünya Müharibəsindən sonra Rusiya ərazisinə ilk xarici müdaxilə” kimi qiymətləndirib. Əməliyyat, Kiyevin müqavimət qabiliyyətini nümayiş etdirmək və Qərbin davamlı hərbi dəstəyinə ehtiyacı vurğulamaq məqsədilə həyata keçirilib.
Tarixi baxımdan, İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyası ilə Sovet İttifaqı arasında ən böyük zirehli döyüşün getdiyi Kursk, 2024-cü ildə yenidən simvolik bir döyüş meydanına çevrildi. Bu əməliyyatla Zelenski hökuməti NATO ölkələrinə açıq bir mesaj verdi: Ukrayna müqavimət göstərməkdə davam edir və artan silah dəstəyini haqq edir.
İsrailin Livana hücumu
Bu il İsrail yalnız Qəzzaya deyil, Livana da hücum edib. Livan Təl-Əvivin işğalından və sərhədyanı hücumlarından əziyyət çəkməkdə davam edir.
İsrailin Livana hücumları sentyabr ayında başlayıb. İsrail, peycer cihazlarını kütləvi şəkildə partladaraq çox sayda insanın ölümünə və yaralanmasına səbəb olub. Ötən ay İsrailin Baş naziri Benyamin Netanyahu ölümcül hücumların arxasında İsrailin olduğunu etiraf edib.
Sentyabrın sonunda İsrail Livandakı ''Hizbullah'' liderlərini və yüksək vəzifəli rəsmiləri hədəf alan hava hücumlarına başlayıb. Bu hücumlar nəticəsində ''Hizbullah''ın lideri Həsən Nəsrullah həyatını itirib. Nəsrullahın vəzifəsini icra etməsi gözlənilən Haşim Safiyuddin də oktyabrın əvvəlində öldürülüb.
Oktyabr ayında İsrailin quru qoşunları Livana daxil olub. Bu, 2006-cı ildə ''Hizbullah'' ilə Təl-Əviv arasında baş vermiş müharibədən sonra İsrailin Livana ilk qurudan müdaxiləsi idi. İsrailin işğalı və hücumları minlərlə livanlının ölümünə və 16 min nəfərdən çox insanın yaralanmasına səbəb olub. Noyabrın 27-də ''Hizbullah'' və İsrail arasında atəşkəsə dair razılaşma əldə edilib və hər iki tərəf özlərini qalib elan ediblər. Livan səlahiyyətlilərinin məlumatına görə, İsrail qüvvələri bu kövrək atəşkəsi 200 dəfədən çox pozub.
Bəşər Əsəd rejiminin sonu
2024-cü il Suriyada Bəəs rejiminin və Bəşər Əsəd hakimiyyətinin sonunu gətirdi. Bəşər Əsəd rejimi 13 illik amansız vətəndaş müharibəsi ərzində 500 mindən çox insanın ölümünə və ölkə əhalisinin demək olar ki, yarısının yurd-yuvalarından didərgin düşməsinə səbəb olub.
2011-ci ildə “Ərəb baharı” ilə başlayan vətəndaş müharibəsində Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejiminə qarşı döyüşən silahlı müxalifət qrupları qələbəni heç vaxt tam olaraq elan etməyib. Bunun əvəzinə onlar rejimin hücumlarından qaçaraq Suriyanın şimal-qərbindəki İdlib vilayətinə çəkiliblər.
Noyabrın sonunda Heyət Təhrir əl-Şamın (HTŞ) başçılıq etdiyi müxalif qruplar qəfil hücumla rejimə qarşı amansız mübarizəyə start verib. Suriyanın şimalında sürətlə irəliləyən bu əməliyyat ölkənin ən böyük və tarixi şəhərlərindən biri olan Hələbin ələ keçirilməsi ilə nəticələndi. Daha sonra uzun müddət rejim qalası hesab edilən Həma şəhəri də müxalifətin nəzarətinə keçdi. Həma 1960-cı illərdən bəri Əsəd ailəsinin zalım hakimiyyətinin hədəfi olub.
Vətəndaş müharibəsi zamanı müxalifətin nəzarətinə keçməyən Hələb və Həma kimi şəhərlərin sürətlə ələ keçirilməsi Əsəd rejiminin süqutundan xəbər verirdi. Dekabrın 8-də müxalif qruplar heç bir müqavimətlə qarşılaşmadan Suriyanın qədim paytaxtı Dəməşqə daxil olublar. Rejimin ordusu yoxa çıxıb və Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya qaçıb.
Rejimin süquta uğramasından sonra müxalifət qrupları müvəqqəti hökumət qurdular. Bu hökumətə yeni baş nazir Məhəmməd əl-Bəşir və HTŞ lideri Əhməd əl-Şaraa rəhbərlik edir. İndiyədək keçid prosesi əsasən sülh yolu ilə həyata keçirildi və müharibədən yorulmuş xalqa ümid işığı oldu. Dərada yaşayan suriyalı jurnalist Ömər əl-Həriri TRT World-a müsahibəsində deyib: “Bu, bütün dünyada məzlum insanlara və inqilabçılara bir mesajdır: Həqiqət qalib gələcək və xalq bütün ədalətsizliyə və tökülən qana baxmayaraq qalib gələcək”.
Digər münaqişələr: Sudan və Myanma
Suriyadakı qanlı münaqişələrin sona çatmasına baxmayaraq dünyanın müxtəlif bölgələrində gedən və ciddi itkilərə səbəb olan hücumlar davam edir.
Sudanda 20 aydır davam edən vətəndaş müharibəsi nəticəsində çox sayda insan yurd-yuvalarından didərgin düşüb. Sudanda hərbi qüvvələrlə yarımhərbi qrup arasında baş verən qarşıdurmalar nəticəsində ölkə əhalisinin 30% evlərini tərk etmək məcburiyyətində qalıb. Bundan əlavə, kəskinləşən aclıq böhranları milyonlarla insana təsir edib, münaqişələr isə 24 mindən çox insanın ölümünə səbəb olub.
Ötən il Myanmada da oxşar zorakılıq aktları yaşandı. Hərbi rejimlə hökumət əleyhinə qüvvələr arasında toqquşmalar intensivləşdi. Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ölkənin ali hərbi liderinin həbsinə order verdi. Lakin bu addım ölkədəki gərginliyi azaltmadı, əksinə münaqişələri daha da alovlandırdı.