Rəsmi Təl-Əviv Qolan təpələrini milli təhlükəsizliyi üçün kritik əhəmiyyətə malik bölgə hesab edir, çünki bu ərazi İsrailə üç qonşu ölkəyə qarşı hərbi üstünlük təmin edir.
İsrail 1967-ci ildə qeyri-qanuni şəkildə işğal etdiyi Qolan təpələrində yaşayış məntəqələrini genişləndirmək planlarını açıqlayıb. Bu strateji əhəmiyyətə malik bölgə dörd ölkəyə: Suriya, İsrail, Livan və İordaniya baxan bir nöqtədə yerləşir və münaqişələrin davam etdiyi bölgədə hərbi üstünlük təmin edir.
İsrail hökuməti Qolan təpələrində "demoqrafik artımı stimullaşdırmaq" üçün 11 milyon dollardan çox vəsait ayırıb.
İsrailin baş naziri Benyamin Netanyahu Qolan təpələrinin əhalisini iki dəfə artırmaq istəyir. "Biz bu ərazini əlimizdə saxlamağa, inkişaf etdirməyə və yaşayış mәntәqәlәrinin sayını artırmağa davam edəcəyik", – deyə Benyamin Netanyahu vurğulayıb.
Netanyahunun ikili standartları
İsrail və Suriya arasındakı atəşkəs yarım əsrlik sülhdən sonra dekabrın 8-də pozuldu. İsrail tankları, onilliklər ərzində İsrailin işğalı altında olan demilitarizasiya zonasına daxil olub.
İsrail qüvvələri dağın Suriya tərəfinə keçməklə yanaşı, yeni bufer zonası yaratmaq üçün oraya qoşun yeridib.
İsrail Dəməşqdə hökumət dəyişikliyinin atəşkəs razılaşmalarını pozduğunu və bunun yeni hökumətin potensial təhlükələrini neytrallaşdırmaq üçün lazım olduğunu bildirərək hərbi əməliyyatını müdafiə etdi.
Qolan təpələrinin şərq hissəsinә irәlilәyişin davam etdiyi dövrdə Benyamin Netanyahu bunun yalnız "uyğun tənzimləmə tapılana qədər müvəqqəti müdafiə mövqeyi" olduğunu söylədi.
"The Economist" jurnalı eyni cümlələrin yəhudi dilində yayılan versiyada yer almadığını, bunun yalnız Netanyahunun beynəlxalq ictimaiyyəti sakitləşdirmək üçün müvəqqəti mövqeyinin ingilis dilindəki variantında yer aldığını vurğulayıb.
Bir həftə sonra Netanyahu işğal altındakı Qolan təpələrində məskunlaşmanın genişləndirilməsi planını açıqlayıb və Əsəd rejiminin devrilməsindən sonra Suriya sərhədində yeni cəbhənin yaranması üçün bu addımın böyük әhәmiyyәt kәsb etdiyini deyib.
Druzların və çərkəzlərin evi
1967-ci ilə qədər Suriyanın nəzarətində olan Qolan təpələrində əsasən druzlar və çərkəzlər yaşayıb. Suriya hərbi qüvvələri 1967-ci il Altı Günlük Müharibə zamanı İsrail icmalarını bombalamaq üçün Qolan Təpələrinin yüksək mövqeyindən istifadə edib. İsrailin bu müharibədə qələbə qazanması strateji cəhətdən əhəmiyyətli idi. Beləliklə İsrail Suriyanın hücumlarına qarşı bufer zona yaradaraq, Tiberiya gölü də daxil olmaqla, önəmli su mənbələri üzərində nəzarəti təmin etdi.
İsrail 2024-cü ildə eyni strategiyasını davam etdirərək işğal etdiyi Qolan təpələrinin kənarında olan və daha əvvəl silahsızlaşdırılmış bufer zona yaxınlığında yerləşən ərazilərdəki gücünü möhkəmləndirməyə çalışıb.
Netanyahu İsrail ordusuna Suriyadan gələn potensial təhlükələri zərərsizləşdirmələri və terror ünsürlərinin İsrail sərhədləri yaxınlığında bazalar yaratmasının qarşısını alması ilə bağlı göstəriş verib.
1967-ci ildə yaşanan müharibə, bölgədə yaşayan 130 minlik ərəb əhalisinin əksəriyyətini yurdlarından didərgin salıb.
İsrail daha sonra bölgədə yaşayış məntəqələri inşa etməyə başlayıb və Qolan təpələrinin təhlükəsizlik və inkişaf üçün kritik əhəmiyyətə malik olduğunu qeyd edib.
Hazırda Suriyanın işğal olunmuş Qolan təpələrində təxminən 50 min insan yaşayır. Onların yarısı israilli köçkünlər, digər yarısı isə İsrail əhalisinin 1,6 faizini təşkil edən druzlardır.
Druzlar Qolan Regional Şurasına daxil olan 33 yəhudi yaşayış məntəqəsində yaşayırlar. Bu yaşayış məntəqələri beynəlxalq hüquqa görə qeyri-qanuni hesab olunur.
Suriya 1973-cü ildə gedən Yom Kippur müharibəsi dövründə Qolan təpələrini geri almaq üçün uğursuz bir cəhdə imza atdı. 1974-cü ildə İsraillə əldə olunan razılaşma nəticəsində rəsmi Təl-Əviv Suriyanın bәzi ərazilərinə nəzarətdən imtina etdi. Lakin, Qolan təpələri İsrailin işğalı altında qaldı.
İsrail 1981-ci ildə Qolan təpələrini birtərəfli şəkildə ilhaq etdi, amma bu heç vaxt beynəlxalq səviyyədə tanınmadı. BMT Təhlükəsizlik Şurası isə ilhaqı "etibarsız" elan etdi.
ABŞ 2019-cu ilin martında bu ərazini İsrailin bir hissəsi kimi tanıyana qədər heç bir ölkə İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanımamışdı. Netanyahu işğal altındakı torpaqlarda yaşayış məntəqələrini genişləndirməyə çalışdığı üçün ölkədəki müxalifətlə problem yaşayır. İsrailin keçmiş baş naziri Ehud Olmert İsrailin Qolan təpələrində genişlənməsini həyata keçirəcək heç bir səbəb görmədiyini bildirib.Netanyahu isə Suriya ilə münaqişəni genişləndirmək istəmədiklərini vurğulayıb.