Qlobal istiləşmədə 1,5°C həddinin aşılması kritik bir mərhələni ifadə edir. Fəlakətləri, dəniz səviyyəsinin yüksəlməsini və ekosistemlərin məhvini sürətləndirir. Geri dönüşü olmayan bir nöqtəyəmi yaxınlaşırıq?
29 oktyabr 2024-cü ildə İspaniyanın cənub-şərqində yaşayanlar 220-dən çox insanın həyatını itirdiyi və infrastrukturda geniş miqyaslı dağıntıya səbəb olan daşqınlarla günə oyandı. Bir illik yağıntıya bərabər güclü yağışların səbəb olduğu bu daşqınlar Avropada ilk belə hadisə deyildi. Qlobal istiləşmə planetimizi görünməmiş intensivlik və tezliklə vurduğuna görə sonuncusu da olmayacaq.
Planetimiz alimlərin uzun müddətdir xəbərdarlıq etdiyi kritik hədləri aşan görünməmiş iqlim dəyişiklikləri yaşayır. Son hesabatlar qlobal orta temperaturun sənaye dövründən əvvəlki (1850-1900) dövrlə müqayisədə 1,5°C-ni keçdiyini göstərir. Bu artım ictimaiyyətə kiçik görünsə də, dəniz səviyyəsinin qalxmasına, tez-tez və şiddətli təbii fəlakətlərə və böyük bir biomüxtəliflik itkisinə səbəb olacaq. Bu, iqlim böhranını sürətləndirərək insanlığın və planetimizin ekosistemlərinin gələcəyini təhlükə altına atan dönüş nöqtəsini təmsil edir.
Dünya Meteorologiya Təşkilatının keçən ay yaydığı hesabatda 2023-cü ildə istixana qazlarının konsentrasiyasının rekord səviyyələrə çatdığı və bunun qarşıdakı illərdə qlobal temperaturların davamlı olaraq artacağını göstərdiyi qeyd edilir.
Qlobal istiləşmənin əsas hərəkətverici qüvvəsi olan karbon qazı insan tarixində görünməmiş sürətlə atmosferdə toplanır və cəmi 20 ildə 10 faizdən çox artmışdır.
Bu artım əsasən qalıq yanacaq emissiyalarından qaynaqlanır. Burada narahatlıq doğuran meyl planetimizin geri dönüşü olmayan bir nöqtəyə çatdığını və yaxınlaşan bir iqlim fəlakətinə doğru sürətlə irəlilədiyini göstərir.
Avropa İttifaqının "Kopernik" proqramının bir hissəsi olan İqlim Dəyişikliyi Xidməti 22 iyul 2024-cü ildə qlobal orta gündəlik temperaturun rekord qıraraq 17,15°C-ə çatdığını açıqlayıb. Orta temperaturun yüksəlməsi təkcə daha yüksək maksimum və minimum temperaturları deyil, həm də ekstremal hava hadisələrinin artan ehtimalını göstərən kritik xəbərdarlıq əlamətidir. Bunlara ABŞ-ın bəzi bölgələrində bu yay müşahidə edilən isti hava dalğaları, Cənubi Avropada baş verən dağıdıcı daşqınlar və Cənubi Amerikadakı güclü meşə yanğınları daxildir. Dünya üzrə insanlar bu ekstremal hava hadisələrinin cəriməsini ödəyir. İnkişaf etməkdə olan ölkələr isə təsirin böyük hissəsini daşıyır. London İmperial Kollecinin son araşdırması 2004-cü ildən bəri 10 şiddətli iqlim fəlakətinə 570 mindən çox ölümün aid edildiyini ortaya qoyub. 2011-ci ildə Somalidə baş verən quraqlıq nəticəsində qıtlıq səbəbilə 258 min insanın həyatını itirməsi bunun dramatik bir nümunəsidir.
Yoxa çıxan ölkələr
Alimlər davam edən sənaye fəaliyyəti və nəzarətsiz qaz emissiyalarının əsrin sonuna qədər qlobal temperaturu 2,7°C artıracağını düşünürlər. Bu dəhşətli ssenari dəniz səviyyəsinin qalxması səbəbindən Banqladeş, Maldiv adaları və Misirin İsgəndəriyyə şəhəri kimi sahilyanı bölgələrin su altında qalması da daxil olmaqla fəlakətli nəticələrə səbəb ola bilər. Bununla yanaşı, iqlim böhranı qida təhlükəsizliyini təhdid edir, ekosistemləri pozur və qlobal iqtisadiyyatı zəiflədir.
Təəssüf ki, bu ekstremal hava hadisələrinin məsuliyyəti ətraf mühit resurslarının yanlış istifadəsi və fəaliyyətlər səbəbindən insanlara aiddir. Alimlər ekstremal hava hadisələrinin artmasını atmosferdəki istixana qazlarının konsentrasiyasının yüksəlməsi ilə əlaqələndirir. Bu da orta temperaturların əhəmiyyətli dərəcədə artmasına səbəb olur.
Təhlükəli vəziyyət BMT Baş katibi Antonio Quterreşi dəfələrlə planetimizin geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşdığı barədə xəbərdarlıq etməyə vadar edib və bunu "iqlim cəhənnəmi"nə bənzədib. O, yaşıl iqtisadiyyata – aşağı karbonlu, səmərəli və ekoloji baxımdan dayanıqlı iqtisadiyyata daha sürətli keçidə çağırıb. İnkişaf etmiş və etməkdə olan ölkələr arasında qalıq yanacaqlardan çıxışı sürətləndirməyə yönəlmiş daha çox əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb. Bundan əlavə, yoxsul ölkələrin emissiyaları azaltmasına və qlobal istiləşmənin qaçılmaz təsirlərinə qarşı mübarizə aparmasına kömək etmək üçün kifayət qədər maliyyə dəstəyinin təmin olunmasını tələb edib.
Öhdəliklər və siyasətlər
Ölkələrin iqlim dəyişikliyinin ən pis təsirlərindən qaçmaq üçün temperatur artımını 1,5°C-nin altında saxlamağı hədəfləyən Paris Sazişinə bağlılıqlarına baxmayaraq, öhdəliklərlə real siyasətlər arasındakı uçurum ildən-ilə genişlənir. Beynəlxalq reaksiyalar çox vaxt bu problemin miqyasını həll etmək üçün kifayət qədər təsirli hesab edilmir. Son məyusluqlardan biri Azərbaycan COP29-un sədrlik etdiyi maliyyə sazişi layihəsi idi. Razılaşma sənaye fəaliyyəti səbəbindən iqlim böhranından tarixi olaraq məsuliyyət daşıyan zəngin ölkələri 2035-ci ilə qədər hər il 250 milyard dollar ayırmağa çağırır.
Lakin bu təklif bir çox tərəfdən tənqid edilib, çünki bu məbləğ iqlimə uyğunlaşma üçün hər il tələb olunan təxminən 400 milyard dollardan xeyli azdır.
Bu siyasətlər yalnız ədalətsiz deyil, həm də xüsusilə Afrika və kiçik ada ölkələri kimi həssas bölgələrdə milyonlarla insanın həyatını təhlükəyə atır.
Ümidverici həllər
İqlim böhranının ən pis təsirlərindən qaçmaq hələ də mümkündür. BMT mövcud texnologiyaların 2030 və 2035-ci illərə qədər emissiyaları əhəmiyyətli dərəcədə azalda biləcəyini vurğulayır. Mütəxəssislər qlobal karbon emissiyalarının 2030-cu ilə qədər 45% azalması və 2050-ci ilə qədər sıfıra çatması lazım olduğunu bildirirlər. Bu hədəflərə çatmaq üçün fərdlərin, hökumətlərin və təşkilatların qəti öhdəliyi tələb olunur.
İqlim böhranı yalnız ekoloji problem deyil, həm də insanlığımızın və kollektiv işləmək bacarığımızın sınağıdır. İndiki fəlakətlər bizi təcili tədbir görməyə çağırır. Sual budur: Bu məsuliyyəti üzərimizə götürməyə hazırıqmı, yoxsa planetimiz geri dönüşü olmayan bir nöqtəyə doğru gedərkən passiv müşahidəçi olaraq qalacağıq?