Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin oktyabrda keçirilən mübahisəli parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı iddiasını rədd edib. Ötən cümə günü qəbul edilən və çərşənbə axşamı Konstitusiya Məhkəmənin saytında yayımlanan qərarda Zurabişvilinin qaldırdığı iddiaya "mahiyyətcə baxılmayacaq" deyilib.
Məhkəmə həmçinin 30 müxalif deputatın ‘’Gürcü Arzusu’’ partiyasının qazandığı seçkilərin nəticələrinə qarşı qaldırdığı digər iddianı da rədd edib. Qərarda qeyd olunub ki, qərar qətidir və bu işә yenidən baxıla bilməz.
Davam edәn etirazlar
Salome Zurabişvili noyabrın 19-da Konstitusiya Məhkəməsinə müraciət edərək oktyabrın 26-da keçirilmiş seçkilərin nəticələrinin ləğvi üçün iddia qaldırmışdı. "Gürcü Arzusu" partiyası seçkilərdə sәslәrin 53,93% toplayaraq 150 yerlik parlamentdə 89 yerin əksəriyyətini qazanıb.
"Gürcü Arzusu" partiyasının rəsmiləri, o cümlədən baş nazir İrakli Kobaxidze və partiyanın fəxri sədri Bidzina İvanişvili seçkilərdə əldə edilən nəticələrdən məmnun olduqlarını açıqlayıblar. Lakin Zurabişvili nəticələri tanımadığını və səsvermənin Rusiyanın müdaxiləsi ilə nəticələndiyini iddia edib. Müxalifət partiyaları isə seçkilәri "oğurlanmış" adlandıraraq, hökumətə qarşı etiraz aksiyaları keçirib. Bu arada Gürcüstanın Aİ-yə tam hüquqlu üzvlüyü ilә bağlı danışıqlar dayandırılıb.
Kobaxidze seçki saxtakarlığı ilə bağlı iddiaları rədd edərək, seçkilərdə baş verən hər hansı "qarışıqlığı" dünyanın digər yerlərində keçirilən seçkilərdə də yaşana biləcəyini bildirib.
Prezident hələlik məhkəmənin qərarına münasibət bildirməyib.