Çadlılar bir əsrdən çox əvvəl müstəmləkəçi güclər tərəfindən törədilən dəhşətlərin xatirəsinə dayanaraq keçmiş müstəmləkəçi Fransa ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi prosesində hökumətlərinin ətrafında birləşirlər. Bəzi yaralar sağalmır, keçmiş ədalətsizliklərin ağrısı kimi iltihablanır və insanı içindən yeyir.
Bu ölkədə fransız müstəmləkəçiliyinin yaraları ən ağır repressiya dövrlərindən birinin dəhşətlərini yaşamış bir nəslin kollektiv yaddaşına həkk olunub. Bu hadisə, 15 noyabr 1917-ci ildə Abeş şəhərində baş verən məşhur “Coupe-Coupe” qətliamıdır.
"Çad bizimdir, Fransa çıxsın!" Bu çağırış Mərkəzi Afrika ölkəsində əks-səda doğurur və son illərdə Fransanın Afrikadakı hərbi mövcudluğunun əhəmiyyətli dərəcədə azalmasına səbəb olan geniş yayılmış fikirləri əks etdirir. Çad Xarici İşlər Nazirliyi 29 noyabrda Fransa ilə təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında müqavilənin ləğv edildiyini elan etdi. Bu qərar Fransanın xarici işlər naziri Jan-Noel Barronun səfəri və bir gün əvvəl prezident Mahamat İdriss Debi İtno ilə keçirdiyi görüşlə üst-üstə düşdü.
Fransa 5 sentyabr 2019-cu il tarixli müqavilənin ləğvinə gözlənildiyi kimi ehtiyatlı reaksiya verdi və Çadın öz ərazisində suveren hüquqlarını vurğuladı. Tezliklə ölkə üzrə Fransa hərbi mövcudluğuna qarşı etiraz aksiyaları başladı. 5 dekabrda başlayan bu nümayişlər sürətlə N’Camen və Abeş kimi böyük şəhərlərə yayıldı. Abeşdəki bir cümə xütbəsi Çad küçələrində Fransa əleyhinə hisslərin açıq ifadəsinə çevrildi. 6 dekabrda dua üçün toplaşan çadlılar fransızların 107 il əvvəl yaşatdığı acını yenidən hiss etmək və xatırlamaq üçün hərəkətə keçdilər.
Bəs “Coupe-Coupe” qətliamı Çadın qanlı Fransa müstəmləkəçiliyi tarixində necə baş verdi və xalq üçün nə deməkdir?
Çadın "Le N'djam Post" media qurumundan jurnalist və yazıçı Kamal Kulamallah 1917-ci ildə Wadai bölgəsinin paytaxtı Abeşdə baş verən qətliamı "Çad tarixində silinməz bir ləkə" kimi xarakterizə edir. "Yerli yaddaşda əbədi iz buraxacaq amansız bir repressiya. Əsassız şübhələr, sistemli qisas və cəzasızlıq siyasəti arasında Çaddakı Fransa müstəmləkəçiliyinin bu qaranlıq səhifəsi, səssiz də olsa, ədalətsizliyin və ağrının simvolu olaraq bir əsr boyu mövcuddur", – deyə o izah edir.
Zülm tacirləri
Fransa 19-cu əsrdə Afrikadakı müstəmləkəçilik fəaliyyətlərini gücləndirdi və Çad bu genişlənmənin əsas hədəflərindən biri oldu. 1800-cü illərin sonlarından etibarən ölkə faktiki olaraq Britaniya və Fransa nüfuz dairələri arasında bölüşdürüldü.
"Qərb müstəmləkəçiliyi qitəyə daxil olmamışdan əvvəl Çadda üç yerli sultanlıq mövcud idi: Vaday, Baqirmi və Kanem sultanlıqları. Bu dövlətlər uzun illər Fransaya qarşı sərt müqavimət göstərdilər və Osmanlı imperiyası ilə sıx əlaqələr saxladılar. Bu münasibət, müasir dövrdə Türkiyə ilə Çad arasındakı əlaqələrə bənzəyirdi", – deyə Türkiyə Kütahya Dumlupınar Universiteti İlahiyyat Fakültəsinin üzvü elmlər namizədi İsa Gökgedik “TRT Afrika” üçün bildirib.
Fransızlar ilk dəfə 1899-cu ildə Çada daxil olaraq sonradan "Fort-Lami" adlandırdıqları N’Camen şəhərində nəzarəti ələ keçirdilər. Daha sonra müstəmləkə hakimiyyətlərini Abeş, Vaday, Borkou və Ennedi kimi bölgələrə genişləndirməyə çalışdılar.
1905-ci ildən etibarən isə onlar ərəblər, tuareqlər, Üləd Süleymanlar və Osmanlı tərəfindən dəstəklənən Liviyada yerləşən Senussi qüvvələrinin müqaviməti ilə qarşılaşdılar. On illik mübarizədən sonra polkovnik Moll və Dr. Şopenin rəhbərlik etdiyi Fransa qüvvələri 23 avqust 1909-cu ildə Abeşi işğal etdi. Bu dövrdə Vaday sultanı Məhəmməd Salih (Dud Murra) və Dar Masalit sultanı Tacuddin müqavimət təşkil etmək üçün birləşdilər. Əbu Şerib, Həvalis, Kelinqen, Kodoy, Mimi, Vələd Cəmə və Maba kimi tayfalar Osmanlı tərəfindən dəstəklənən Senussi qüvvələri ilə birlikdə Fransa işğalını qəbul etməyi rədd edərək döyüşə qatıldılar. Polkovnik Moll sultan Tacuddin kimi döyüşdə öldürüldü. Sultan Məhəmməd Salih və Tacuddinin qardaşı oğlu Bahruddin bir müddət mübarizəni davam etdirdilər, lakin 27 oktyabr 1911-ci ildə təslim olmağa məcbur oldular. Polkovnik Viktor-Emmanuel Larjo 1912-1914-cü illər arasında Ayn-Qalaka, Bilma və Biltin şəhərlərini ələ keçirdi.
Bu hücumların ardınca qıtlıq və epidemiyalar yayıldı və yalnız Abeşdə 322.000 insan həlak oldu. Üç il ərzində əhalinin sayı 728.000-dən 406.000-ə düşdü.
Kütləvi qətliamla günahlandırma
Bu təəccüblü rəqəmlər fransızlar tərəfindən təşkil edilən talanların miqyasını açıq şəkildə göstərir. I Dünya müharibəsi zamanı yüz minlərlə afrikalı saxta müstəqillik vədi ilə məcburi şəkildə orduya cəlb edildi və Avropa döyüş meydanlarında almanlara qarşı döyüşərək həyatlarını itirdi. Davam edən müharibəyə baxmayaraq fransızlar Çada tam nəzarət əldə etmək üçün mübarizə apardılar. Müqaviməti qırmaq üçün cəmiyyətin hörmətli din alimlərini kütləvi qətliamlarla aradan qaldırmaq üçün sistematik bir plan hazırladılar. Aldatmağı utanmadan bir üsul kimi istifadə edən fransızlar 1917-ci ildə idarəetmə məsələləri ilə bağlı məsləhətləşmə bəhanəsi ilə cəmiyyətin liderlərini Abeşəyə dəvət etdilər. Sübh namazından sonra, dan yeri sökülərkən yüzlərlə müsəlman alim pusquya salınaraq qətlə yetirildi. Bənzər qətliamlar Varya və Kanimdə də törədildi.
“Coupe-Coupe” və ya "Cut-Cut" qətliamı bir neçə çadlı islam aliminin başını kəsən fransız əsgərlərinin həddi-hüdudu olmayan bir vəhşiliyindən ibarət deyildi. Müstəmləkə qüvvələri həmçinin kitabxanalardan kitab və əlyazmalarını müsadirə edərək yandırdı, Fransadakı muzeylərə göndərdi və ya yeraltı anbarlarda saxladı. Bu qarışıqlıqda geniş bir mədəni irs məhv edildi.
Məcburi hərbi xidmətə qarşı çıxan Yahya Ould Germa həbs olundu. Akid Magine və onun həyat yoldaşı Meram Koise güclü təzyiqlərlə üzləşdi. Fransızlarla ittifaq qurmaqdan imtina edən Akid Mahamat Dokom yüzlərlə tərəfdarı ilə birlikdə öldürüldü. Məhəmid qəbiləsinin lideri Abud Şarara isə 40 tərəfdarı ilə birlikdə həbs edilərək edam olundu.
Mümkün üsyanları yatırmaq üçün müstəmləkəçilər Avropa cəbhələrindən Çada əsgərlər göndərərək sərt təhlükəsizlik tədbirləri tətbiq etdilər. Bundan əlavə xalqın mənəvi dəyərlərini hədəf alaraq onları təhrik etməyə və boyunduruq altına almağa çalışdılar.
Ulu məscid dağıdıldı və Salamet və Bata bölgələrindəki etirazlar amansızcasına yatırıldı. Bu dövrdə həbs, sürgün və sui-qəsdlər bir-birini izlədi. Ən kiçik insan reaksiyası belə qəddarlıqla boğulurdu. Buna baxmayaraq, Çad xalqı heç vaxt müstəmləkəni qəbul etmədi və onların müqaviməti 1930-cu illərə qədər davam etdi.
On illərlə davam edən təzyiqlərdən sonra Çad 11 avqust 1960-cı ildə Fransadan müstəqilliyini qazandı.
Qisas axtarışı
“Coupe-Coupe” qətliamı bu gün də Çad xalqı üçün olduqca həssas bir mövzu olaraq qalır. Fransızların bölgəyə və insanlara etdiklərinə görə hələ də üzr istəməməsi vəziyyəti daha da ağırlaşdırır. "Bəzi ziyalılar Vaday bölgəsindəki qətliamdan bəhs edilərkən Fransaya qarşı hiss edilən nifrəti dilə gətirərək Beynəlxalq Ədalət Məhkəməsini hərəkətə keçirməyə çağırır. Konfranslar təşkil olundu və bir çox gənc bu qətliam barədə geniş məlumat aldı", – deyə Abeşedəki Şeyx Adam Barka Universitetində tarix dərsi verən Mahamat Adoum Doutoum “TRT Afrika”ya bildirir.
“Coupe-Coupe” qətliamında ölənlərin sayının 150 olduğu təxmin edilir. Ancaq rəqəmdən çox hücumun amansızlığı və məqsədi ədalətsizlik hissini artırır. Fransızlar tərəfindən qətlə yetirilən akademiklər Abeşedəki Umm Kamil məzarlığında kütləvi məzara basdırıldı. Həmin məzarlıq o vaxtdan bəri Çad xalqının işğalçılara qarşı müstəqillik mübarizəsini simvollaşdıran bir şəhidlik abidəsinə çevrildi.
““Coupe-Coupe” qətliamı çadlılar üçün fransızlara qarşı emosional bir həmrəylik nöqtəsidir. Buna yenidən qayıtmaq istər müstəmləkəçiliyi olduğu kimi görmək, istərsə də hökumətin Fransa ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ləğv etmək qərarına dəstək toplamaq olsun, xalq arasında dərhal birlik yaradır", – deyə M.A.Doutoum izah edir.
"Sadəcə kiçik bir azlıq bu qərara dəstəyini ifadə etmədi. Onlar səssiz qalsalar da, geniş razılıq fonunda bunun heç bir təsiri olmur." Bir ay əvvəl “Coupe-Coupe” qətliamının ildönümündə Çadın müxtəlif təbəqələrindən olan insanlar fransızların ölkələrinə və xalqlarına etdiklərini heç vaxt unutmayacaqlarına and içdilər.
"Fransa, rədd ol!"- Dəyişiklik zamanında bundan daha kəskin bir şüar ola bilməzdi.