“Google” həll yolunu nüvə enerjisində axtarır
Texnologiya nəhənginin davamlı enerjiyə olan marağı sıfır karbon emissiyasını hədəfləyən böyük şirkətlər arasında artan bir trendi əks etdirir.
“Google” həll yolunu nüvə enerjisində axtarır
Google
19 dekabr 2024 г.

Böyük texnologiya şirkətlərinin elektrik enerjisi istehlakı çox yüksəkdir və buna görə də davamlılıqdan güzəştə getmədən fasiləsiz enerji təmin edə bilən həllərə ehtiyac duyurlar. Texnologiya nəhəngləri artan enerji tələbatını qarşılamaq üçün potensial həll yolu kimi getdikcə daha çox nüvə enerjisinə yönəlirlər. 

“Amazon” və “Microsoft” kimi şirkətlərdən sonra “Google” da süni intellekt texnologiyalarını və digər məlumat mərkəzli xidmətləri işlətmək üçün nüvə enerji mənbələrini qiymətləndirir. “Google”un baş direktoru Sundar Piçai bir müsahibəsində “Şirkətimiz yalnız yüksək enerji ehtiyaclarını qarşılamaq üçün deyil, eyni zamanda sıfır karbon emissiyası hədəfinə nail olmaq üçün enerji mənbələri axtarır” dedi.  O, süni intellektə olan sərmayələrin şirkətin enerji tələbatını əhəmiyyətli dərəcədə artırdığını vurğuladı. 

“OpenAI” şirkətinin baş direktoru Sam Altman bu ilin əvvəlində süni intellektin istehlak etdiyi enerjinin böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi və yeni mənbələr olmasa, qlobal məlumat şəbəkələrinin yaxın zamanda bu problemlə üzləşə biləcəyinə diqqət çəkmişdi. Bu narahatlıq “Google” və digər şirkətləri sabit, böyük miqyaslı enerji mənbəyi olaraq nüvə enerjisini qiymətləndirməyə yönəltdi. 

 

Sıfır karbon emissiyası 

“Google” 2024-cü ilin iyul ayında 2030-a qədər bütün əməliyyatlarında və iş prosesində sıfır karbon emissiyasına nail olmağı hədəflədiyini elan etdi. Lakin şirkətin 2023-cü ildəki ümumi istixana qazı emissiyaları 2019-cu illə müqayisədə 48% artıb. Bu, aradakı zaman ərzində ümumi enerji istehlakının ikiqat artdığını göstərir. Sıfır karbon hədəfi ilə bağlı S.Piçai “Bu, çox iddialı bir hədəf idi və hədəfə doğru iddialı şəkildə işləməyə davam edəcəyik. Aydındır ki, süni intellekt sərmayələrinin gedişatı üzərimizə düşən öhdəliyi artırdı” dedi. 

 

Nüvə enerjisinə keçid 

“Google”un nüvə enerjisinə olan marağı davamlılıq hədəflərini aşır. Şirkət uzun illərdir külək və günəş enerjisi daxil olmaqla müxtəlif təmiz enerji həllərini araşdırır. Lakin süni intellekt texnologiyası yayıldıqca ənənəvi bərpa olunan enerji mənbələri təkbaşına kifayət etməyə bilər. Şirkətin baş direktoru ümidverici bir seçim olaraq kiçik modul nüvə reaktorlarını (SMR) qiymətləndirdiklərini bildirib: “Hazırda günəş enerjisi və ya kiçik modul nüvə reaktorları kimi əlavə sərmayələri qiymətləndiririk.” 

Kiçik modul reaktorları (SMR) ənənəvi nüvə stansiyalarına nisbətən daha kompakt olduğundan məlumat mərkəzləri kimi enerjinin intensiv istifadə olunduğu yerlər üçün daha uyğundur. 

Sundar Piçai sentyabr ayında Carnegie Mellon Universitetində etdiyi çıxışında “Yeni növ enerji mənbələrinə qoyulan investisiyalara və innovasiyalara baxanda orta və uzun müddətli dövrdə nikbinəm” dedi.  O, “Tariximizdə ilk dəfə olaraq bu əsasda texnologiyaya sahibik” deyərək süni intellektin “Google”un strategiyasını necə yenidən formalaşdırdığını vurğuladı. Bu inkişaflar fonunda şirkət yüksək tələbatı qarşılaya biləcək enerji mənbələrinə qoyulan sərmayələri artırma ehtiyacını hiss etdiyini qeyd etdi. 

Qeyd etmək lazımdır ki, sıfır karbon emissiyasını hədəfləyən təkcə “Google” deyil. “Amazon” və “Microsoft” da əməliyyatlarını dəstəkləmək üçün nüvə müəssisələri ilə mühüm razılaşmalar imzalayıblar. “Amazon” bu ilin əvvəlində “Susquehanna” nüvə stansiyası ilə 650 milyon dollarlıq, “Microsoft” isə Pensilvaniya ştatındakı “Three Mile Island” stansiyası ilə 20 illik müqavilə imzalayıb. 

“Microsoft” 2030-cu ilə qədər karbon emissiyasını mənfi olmağı hədəfləsə də, xüsusilə süni intellekt fəaliyyətlərinin şirkət emissiyalarını 2020-ci ilə nisbətən 30% artırdığını görüb. 

 

Enerji yolu 

S.Piçai “Google”un nüvə enerjisini nə vaxt və harada istifadə etməyə başlayacağını hələ dəqiqləşdirməsə də, şirkətin bu enerji mənbəyi ilə bağlı araşdırmaları texnologiya sektorunda daha genişmiqyaslı bir dəyişikliyi ortaya qoyur. Süni intellekt sistemlərinin effektiv işləyə bilməsi üçün çox enerji sərf etdiyindən sektordakı tələbat misli görünməmiş səviyyələrə çatıb. Külək və günəş kimi ənənəvi bərpa olunan enerji mənbələrinə mövcud asılılıq bu artan ehtiyacları qarşılamaqda kifayət etməyə bilər. Sabit və geniş miqyaslı elektrik istehsalı təmin edə bilən nüvə texnologiyası oxşar problemlərlə üzləşən şirkətlər üçün daha tətbiq edilə bilən bir seçim halına gələ bilər. 

MƏNBƏ:TRT Azerbaycan
TRT Global'ı göz atın. Geri bildiriminizi paylaşın!
Contact us