Xəbər agentlikləri və media orqanları çətin bir seçim qarşısındadırlar – ya AI şirkətləri ilə tərəfdaşlıq edəcəklər, ya da məqalələrinin AI şirkətləri tərəfindən başqa vasitələrlə oğurlanması riskini qəbul edəcəklər.
Murdoch ailəsinin çoxmillətli media şirkəti "News Corp", OpenAI ilə müqavilə bağlayan ən son şirkət olub. Məlumata görə, "News Corp" OpenAI-nin ChatGPT-də istifadəçilərin suallarına cavab olaraq xəbər məzmununu göstərməyə icazə verib. Müqavilə, ChatGPT və digər süni intellekt modellərinə "News Corp"-un cari və arxivləşdirilmiş məzmununa çıxış imkanı verir.
Xəbərlərin AI şirkətləri və texnologiya nəhəngləri ilə paylaşılmasının xəbərlərin gələcəyinə necə təsir edəcəyi maraq doğurur. OpenAI-nin son tərəfdaşlığına münasibət bildirən Sidney Universitetinin Rəqəmsal Kommunikasiyalar və Mədəniyyət fakültəsinin professoru, Avstraliya Araşdırma Şurasının (ARC) laureat üzvü Terri Flev TRT World-a verdiyi müsahibədə deyib: "Bu müqavilə 'News Corp'-un gəlir əldə etməsinə imkan verir, lakin OpenAI-nin bu müqavilə çərçivəsində ödədiyi məbləğ məlumatların dəyəri ilə müqayisədə çox yüksək deyil. 'OpenAI' və 'Google' kimi digər şirkətlər üçün hüquqi cəhətdən etibarlı məlumatlara çıxış məsələsi və daha yetkin biznes modelinə ehtiyac önə çıxır."
Heç bir şirkət OpenAI-nin son müqaviləsinin maliyyə detalları ilə bağlı açıqlama verməyib, lakin ‘‘Wall Street Journal’’ın məlumatına görə, müqavilə beş il ərzində 250 milyon dolları keçə bilər.
‘’News Corp’’ şirkәti həmçinin ‘’MarketWatch’’, ‘‘New York Post’’, ‘‘The Daily Telegraph’’, ‘‘The Australian’’, ‘’The Sun’’, ‘‘The Sunday Times’’,‘’The Times’’qәzetlәri ilә news.com.au saytının sahibidir.
Qeyd etmək lazımdır ki, ‘‘Associated Press’’, İspaniyanın ‘‘Prisa Media’’ və Fransanın ‘‘Le Monde’’ qəzetləri də süni intellekt modelləri ilə oxşar müqavilələr bağlayıblar.
Kolumbiya Universitetinin Jurnalistika fakültəsinin data jurnalistikası üzrә professoru Conatan Soma TRT World-a verdiyi müsahibəsində deyib: "Xəbərlər süni intellekt şirkətləri üçün xam qızıl kimidir. İnsanlar tərəfindən yazılır, chatbot-un məlumatlarından daha yenidir və istifadəçilərinin bilmək istədiyi mövzulardır. Xəbər agentlikləri belə qiymətli məzmunu satacaqlarsa, qiymətləri çox yüksək təyin etməlidirlər."
Conatan Soma süni intellektin jurnalistikanı əvəz edəcəyini düşünmədiyini bildirib.
Soma qeyd edib ki, jurnalistlər olmasaydı, chatbotların cari məsələlərə dair yazacaq, dərc edəcək və cavab verəcəyi heç nə olmazdı. "Buradakı sual odur ki, bu tərəfdaşlıqlar xəbər agentliklərinə orijinal jurnalistikanı davam etdirmək üçün lazımi gəliri təmin edəcəkmi?" – deyə Conatan Soma söylәyib.
‘’New York Times’’ və ‘‘Chicago Tribune’’ kimi bir çox şirkət məqalələrini süni intellekt modellәri ilә bölüşdüklәri üçün ‘’OpenAI’’ və ‘‘Microsoft’’u mәhkәmәyә verir.
''Microsoft''un "CoPilot"u və ''Google''un ''Gemini''si kimi süni intellekt modelləri mətni təhlil etmək və cümlədəki növbəti sözü təxmin etmək üçün böyük dil modellərindən (LLM) istifadə edir.
Müstəqil beyin mərkəzi olan Media və Jurnalistika Araşdırmaları Mərkəzinin direktoru Marius Draqomir süni intellekt şirkətləri ilə əməkdaşlıq edən media orqanları üçün tənzimləmənin vacibliyini vurğulayır. O, bildirib ki, bu cür əməkdaşlığın ticari faydaları olsa da, bütün məzmun yüksək keyfiyyət və dəqiqlik standartlarına cavab vermir.
Marius Draqomir TRT World-a müsahibəsində qeyd edib ki, media sektorunda müəyyən bərabərsizliklər mövcuddur və bu, bəzi media bazarlarında "sahibinin maraqlarına xidmət edən" daha qərəzli xəbərlərin yayılmasına səbəb ola bilər. Bəziləri böyük gücə sahibdir, digərləri isə hökumətin dəstəklədiyi media orqanları tərəfindən yayılan təbliğat və dezinformasiya ilə idarə olunur.
Kolumbiya Universitetinin Jurnalistika fakültəsinin professoru Conatan Soma isə bildirir ki, chatbotlar da səhvlərə yol verə bilərlər.
"CoPilot"-un qurucusu Pete Paçal "OpenAI" və "News Corp" arasındakı tərəfdaşlığı "dönüş nöqtəsi" adlandırıb.
"New York Times dekabr ayında 'OpenAI'yə qarşı müəllif hüquqlarının pozulması ilə bağlı iddia qaldırdıqda, xəbərlərin gələcəyi qeyri-müəyyən idi. Ancaq AP və 'Axel Springer' kimi böyük media orqanları və 'News Corp'la bağlanan müqavilələri nəzərə alsaq, gələcəkdə bunun norma olacağını düşünürəm. 'New York Times' bir neçə kiçik müttəfiq tapdı. Lakin 'Times'ın xeyrinə verilən qərar bütün mənzərəni dəyişə bilər. Strateji baxımdan bu müqavilələr məntiqlidir, lakin uzunmüddətli perspektivdə problem yaşana bilər," - deyə Conatan Soma vurğulayıb.
Paçal bildirib ki, süni intellekt tərəfindən yaradılan xülasələr axtarış sisteminin yuxarı hissəsində yer alacağı üçün media orqanları və texnologiya şirkətlərinin oxucu sayı azala bilәr.
O, həmçinin deyib: "OpenAI ilə əldə olunan müqavilənin ən böyük nəticəsi odur ki, media orqanları süni intellektlə bağlı mübarizədə OpenAI-yə dəstək verəcəklər, çünki ‘’Google’’ qalib gəlsə, bütün pullar yoxa çıxacaq".
İstifadəçilər jurnalistlər və media şirkətlərindən daha çox, insan sorğularına cavab verən böyük texnoloji chatbotlara daha çox etibar edərlərsə, bu, xəbərlərin gələcəyi ilə bağlı narahatlıq yarada bilər.
British Columbia Universitetinin rəsmisi Alfred Hermida isə bildirir ki, xəbər saytları xəbərlərin tez yenilənməsini istəyən təsadüfi ziyarətçiləri itirə bilər. "Onlar media orqanları üçün dəyərli gəlir mənbəyidir, lakin uzunmüddətli perspektivdə zərər verə bilərlər. 'News Corp' ilə əldə olunan müqavilələr OpenAI üçün böyük əhəmiyyət kəsb edir," - deyə Alfred Hermida qeyd edib.
Əgər ChatGPT kimi sistemlər kifayət qədər yaxşı xəbərlər hazırlamağı öyrənsə, media orqanlarının vəziyyəti necə olacaq?
Tərəfdaşlıq "News Corp"-un auditoriyasını, adətən xəbər oxumayan insanları daxil edərək genişləndirə bilər. Lakin Alfred Hermida bunun media orqanlarının oxucu sayını artırıb-artırmayacağının qeyri-müəyyən olduğunu qeyd edir.
"Sosial mediadan əldə edilən məlumatlar göstərir ki, xəbər mənbəsini axtaran insanlar ‘’Facebook’’a müraciət edirlər. Bu da media orqanları və süni intellekt sistemlərinin ‘‘Facebook’’dan asılı olacağını göstərir," - deyə Alfred Hermida bildirib.
Amsterdam Universitetinin rəsmisi Erik Borra isə qeyd edib ki, istifadəçilər dəyişikliklərə hazır olmalıdırlar. "İstifadəçilər yəqin ki, media orqanlarının saytlarına daxil olmayacaqlar. Beləliklə, media orqanları üçün hansı xəbərlərin populyar olduğunu izləmək çətin olacaq, həmçinin fərdi abunələrdə də azalma ola bilər," - deyə Erik Borra vurğulayıb.