Siyasət
4 dəqiqə oxuma
Rumıniyada demokratiyaya zərbə vuran kimdir?
Rumıniyada ləğv edilmiş seçkilər və millətçi liderin məşhurlaşmasından sonra qütbləşdirici məsələlər gündəmə gəlib. Analitiklər ''müstəqil səslər''in kənarlaşdırılmasının ictimai narazılığı daha da dərinləşdirə biləcəyi barәdә xəbərdarlıq edir.
Rumıniyada demokratiyaya zərbə vuran kimdir?
Rumıniya Seçki Etirazı
13 saat əvvəl

Noyabrın 24-dә Rumıniyada keçirilən prezident seçkilərinin birinci turu ləğv edildikdən sonra ölkə siyasi böhranla üzləşib. Müstəqil millətçi namizəd Kalin Georgesku səslərin 22,94 faizini toplayaraq qələbə qazanıb.

Georgesku dekabrın 8-dә keçirilməsi gözlənilən ikinci turda islahatçı Rumıniya İttifaqı (USR) partiyasının üzvü Yelena Laskoni ilə mübarizə aparacaqdı. Lakin seçkilər ləğv olundu.

Rumıniya Konstitusiya Məhkəməsi noyabrın 24-dә keçirilən seçkilərin nəticələrini etibarsız hesab etdiyini açıqlayaraq ləğv edib və beləliklə ölkəni siyasi qeyri-müəyyənliyə sürükləyib.

Bu qərar ictimai rəyi qütbləşdirib və Şərqi Avropa ölkəsində demokratiyanın vəziyyəti ilə bağlı müzakirələrə səbəb olub. Qərbin təsirinin daha da güclənməsi də diqqәt çәkib.

Buxarest Universitetinin Siyasi Elmlər Fakültəsinin müəllimi Alexandra-Alina Lancu TRT World-a verdiyi müsahibədə deyib: “Buxarest kimi böyük şəhərlərdə seçkilərin ləğvinə narahatlıqla yanaşılır, çünki ikinci turun ərəfəsində gərginlik artmaqdadır. Lakin yaxından baxıldıqda, seçicilər arasında narazılıq və gələcəyə dair qeyri-müəyyənlik hiss olunur.”

Rumıniya Avropa Siyasəti Mərkəzinin (CRPE) direktoru Aleksandru Damian məsələyə münasibət bildirәrәk  atmosferi "gərgin və qeyri-müəyyən" adlandırıb. O, səlahiyyətlilərlə əlaqənin olmamasının ictimai məyusluğu artırdığını qeyd edib.

"İndi Georgesku tərəfdarları qərarlardan daha çox narahatdır. Avropapərəst tərəf isə qərara ehtiyatla yanaşır", – deyə Aleksandru Damian vurğulayıb.

Konstitusiya Məhkəməsinin seçkilərin ləğvi ilə bağlı qərarı kəşfiyyat məlumatlarına əsaslanır. Damianın sözlərinə görə, Ali Müdafiə Şurası (CSAT) qeyri-qanuni maliyyə dәstәyi və yaxşı maliyyələşdirilən sosial media kampaniyası da daxil olmaqla qanun pozuntularını aşkar edib. Georgeskunun komandası bu maliyyənin mənbəyini açıqlamayıb.

"Kalin Georgesku seçki kampaniyasına pul xərcləmədiyini bildirib. Lakin Rumıniyadakı kampaniyaların maliyyələşdirilməsi ilə bağlı qaydaları nәzәrә alsaq, bu, praktiki olaraq mümkün deyildi", – deyə Damian vurğulayıb.

İanku Georgeskunun TikTok-dakı kampaniyasının olduqca diqqət çəkdiyini qeyd edib.

CCR xarici hökumətin seçki prosesinə müdaxiləsini və Georgeskunun onlayn kampaniyası ilə bağlı qanun pozuntularını sənədləşdirən gizli kəşfiyyat hesabatlarına istinad edib.

Kalin Georgeskunun yüksəlişi

Georgeskunun sürətlə məşhurlaşması Rumıniyanın siyasi quruluşunu sarsıtdı. Bir vaxtlar tanınmayan Georgesku narahatlıqlarını ifadə edən bir kampaniya vasitəsilə seçicilərlə əlaqə saxlayaraq məşhur simaya çevrildi.

Bəzi analitiklər onun yüksəlişini, rumınların narahatçılığı ilə dərindən maraqlanması ilə əlaqələndirirlər. TRT World-a müsahibə verən siyasi analitik və diplomatik məsləhətçi İoana Qomoi deyib: "İnsanlar bu adamı dəli kimi təbliğ edirlər’’.  İ.Qomoi vurğulayıb ki, Georgeskunun populyarlığı üzvi şəkildə artıb, çünki o, gənclərin işsizliyi, təhsil islahatları və sülh kimi məsələlərə diqqət yetirirdi.

İ.Qomoi Georgeskunun "əsl dəstəyə" sahib olduğunu bildirib və bunun, siyasətçilərin çoxdan görməzlikdən gəldiyi məsələlərə toxunması ilə əlaqədar olduğunu qeyd edib.

"O, sülh, gənclərin işsizliyi, gənc rumınların köçü, təhsil və kənd təsərrüfatı sistemlərinin dağılmasından danışır"deyən İ.Qomoi bu məsələlərin onilliklər boyu siyasi durğunluqdan tükənmiş ölkədə cəlbedici təsir yaratdığını bildirib.

"Rumınlar yorulublar" deyən İ.Qomoi bildirib ki, demokratiya artıq otuz ildən çoxdur ki, mövcuddur, amma heç nə dəyişməyib. Georgesku isə insanlar üçün vacib olan məsələlərdən danışır.

Heç bir rəsmi partiyaya bağlı olmamasına baxmayaraq, Georgesku xüsusilə TikTok və digər rəqəmsal platformalardan istifadə etməklə, əhəmiyyətli kütləvi dəstək qazandı. Qomoi deyib: "O, Rumıniyanın indiyə qədər malik olduğu ən yaxşı influenserdir."

Georgesku yenidən seçilmək üçün namizəd olacaqmı?

Rumıniyanın siyasi gələcəyi, yeni hökumətin formalaşdırılmasından və böyük ehtimalla 2025-ci ilin mart ayında keçiriləcək yeni prezident seçkilərinin cədvəlindən asılıdır. Koalisiya hökumətinin qurulması üçün avropapərəst partiyalar arasında qeyri-rəsmi danışıqlar gedir, lakin proses bir çox problemlərlə üzləşir.

"Parlamentdəki partiyalar razılığa gəlsələr belə, parlamentin yüksək səviyyədə parçalanması və yeni koalisiyanın ideoloji müxtəlifliyi səbəbindən qarşıda təlatümlü dövrlər yaşanacaq", – deyə İanku bildirib.

"Seçki prosesi yenidən başlamalıdır. Bu proses aylar çəkə bilər", – deyən Qomoi Georgeskunu qarşıdan gələn prosesdən kənarlaşdırmaq üçün potensial səylərə işarə edib.

"Yəqin ki, biz yeni namizədlər görəcəyik və bu Georgeskunun namizədliyini irəli sürməsinə mane ola bilər. Diana İovanovici-Şoşoaçaya etdikləri kimi. Şoşoaça prezidentlik yarışından kənarlaşdırıldı", – deyə Qomoi vurğulayıb.

Qomoi bildirib ki, Georgeskunun yenidən namizədliyini irəli sürməsinin qarşısını almaq yalnız ictimai məyusluğu artıracaq. "Söhbət təkcə ondan deyil, təmsil etdiyi daha böyük məsələlərdən gedir. İnsanlar öz səslərinin eşidilməsini istəyirlər və dəyişiklik tələb etməkdən vaz keçməyəcəklər.",-deyә Qomoi qeyd edib.

Georgeskunun populyarlığı, Rumıniyanın Aİ və NATO daxilindəki istiqaməti ilə bağlı daha dərin məyusluqları əks etdirir. Rumıniyalılar Aİ üzvlüyünün təklif etdiyi imkanları yüksək qiymətləndirsələr də, qəbul edilən bərabərsizliklərlə bağlı narazılıq artır.

Qomoi dövlət yardımındakı bərabərsizliklərə, məsələn, ukraynalı qaçqınlara verilən yüksək maliyyə dəstəyinə diqqət çəkib.

"Milad bayramı yaxınlaşır. Süfrələri boş olan çox sayda yaşlı insanımız var. Elə insanlar var ki, dərmanlarını belә ala bilmirlər. Ölkəmiz ilk növbədə öz xalqının qayğısına qalmalıdır", – deyə Qomoi vurğulayıb.

MƏNBƏ:TRT Global
TRT Global'ı göz atın. Geri bildiriminizi paylaşın!
Contact us