Dünya, ABŞ-ın ədalətin bərqәrar olması üçün göstərilәn qlobal səylərin qarşısını aldığına şahidlik etmәyә hazırlaşır. Ötən həftə ABŞ İsrail liderlərini, fələstinlilərə qarşı son 15 aydır davam edən soyqırım cinayətlərindən qorumaq məqsədilə bir qanun layihəsi qəbul edib.
Respublikaçıların hər iki palataya nəzarəti ələ keçirməsi ilə ABŞ Konqresindəki hakimiyyət dəyişikliyi nəticəsində gündəmə gələn bu qanun layihəsi, İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant üçün verilən həbs orderlərinə cavab olaraq BCM-yə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutur.
Siyasi strateq və Britaniyanın Yaxın Şərq üzrә sülh səfirinin keçmiş müşaviri Aşiş Praşar bildirib ki, ABŞ-ın bu addımı beynəlxalq hüququn tətbiqində narahatedici ikili standartları nümayiş etdirir. Aşiş Praşar TRT World-a verdiyi müsahibədə deyib: "Qərb, keçən həftə beynəlxalq hüququn əslində onları məsuliyyətə cəlb etmək üçün nəzərdə tutulmadığını açıq şəkildə nümayiş etdirdi. Qərb bunu keçmişdə də açıq şəkildə ifadə edib. Beynəlxalq hüquq Afrika diktatorlarına və Rusiyaya şamil edilir, lakin Qərb dəfələrlə qırğınlar, hərbi cinayətlər və soyqırımlar törədib".
Qanunsuz məhkəməyə qarşı mübarizə
“Qeyri-qanuni məhkəmə çəkişmələrinə qarşı qanun” adlı qanun layihəsi hazırda Senatın təsdiqini gözləyir. Bu qanun layihəsi amerikalıları və ya israilliləri mühakimə etmək üçün BCM-yə kömək edən şəxslərə qarşı sanksiyalar tətbiq etməyi nəzərdə tutur.
Sanksiyalara əmlak aktivlərinin dondurulması və məhkəmənin səylərinə maddi və ya maliyyə dəstək verən əcnəbilərə viza müraciətlərinin rədd edilməsi daxildir.
Bu sanksiya təklifləri, beynəlxalq qurumlar və ekspertlər arasında İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərin soyqırım olduğu ilə bağlı artan konsensusa baxmayaraq irəli sürülür.
Beynəlxalq cinayət hüququ və ABŞ-ın mövqeyi
Beynəlxalq Cinayət Məhkəməsi keçən ilin noyabr ayında İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant üçün tarixi həbs orderləri ilə hesabatlılıq mexanizmlərinin genişləndirilməsi üçün zəmin yaradıb.
Roma Nizamnaməsinə və ya BCM Nizamnaməsinə riayət edən ölkələr, universal yurisdiksiya ilə soyqırım və ya insanlığa qarşı cinayətlərə yardım edən şəxsləri, siyasi liderləri və hərbi personalı mühakimə edə bilərlər.
Keçən həftə bu səlahiyyətin ilk tətbiqi ilə tarixi bir addım atıldı. Braziliya məhkəməsi Qəzzada hərbi cinayətlər törətməkdə ittiham olunan İsrail əsgərini araşdırmaq üçün polisə göstәriş verib.
ABŞ-ın sanksiyaları Qərbin münasibətini dəyişə bilərmi?
ABŞ-ın BCM-ə qarşı təklif etdiyi sanksiyalardan sonra, Böyük Britaniya, Fransa, Almaniya və Polşa kimi bir çox Qərb dövlətlərinin Vaşinqtonla həmrəy olacağı ehtimalı var.
Aşiş Praşar bu barədə deyib: "Düşünürəm ki, soyqırımı ardıcıl olaraq inkar edən, silah dәstәyi verәn və buna qarşı olmayan eyni hökumətlərdən bir sıra reaksiya görəcəyik. İndi avropalı müttəfiqlərin mövqeyini dəyişmək və Amerika Birləşmiş Ştatlara qarşı durmaq vaxtıdır. Onlar beynəlxalq hüquqa inanıb inanmadıqlarını göstərməlidirlər.”
Vaşinqton BCM-yə ciddi problemlər yaradıb və ABŞ personalının və ya onun müttəfiqlərinin, xüsusən də İsrailin törətdiyi müharibə cinayətlərini araşdırarkən məhkəməyə fəal şəkildə qarşı çıxıb.
Bu təzyiqlərə BCM rəsmilərinə sanksiya tətbiq etmək və ABŞ-ın maraqlarına zidd olan təhqiqatlara dəstək verməkdən imtina etmələri üçün üzv dövlətlərə təzyiq göstərmək daxildir.
İsrail Kəşfiyyatının BCM rəsmilərinə təzyiqləri
İsrail kəşfiyyatının BCM rəsmilərini təqib etdiyinə dair məlumatlar, təzyiqin miqyasını ortaya qoyur. ABŞ Donald Trampın keçmiş administrasiyası dövründə, BCM-nin ABŞ-ın Əfqanıstanda törətdiyi hərbi cinayətləri və İsrailin Fələstin ərazilərində törətdiyi hərbi cinayətləri ilə bağlı qaldırdığı iddialarla əlaqədar BCM-nin baş prokuroru Fatou Bensouda və digər əməkdaşlarına sanksiyalar tətbiq edib. Xüsusilə, Bensoud Mossad rəhbərliyi tәrәfindәn birbaşa hәdәlәnib. Bu təhdidlər BCM-ni İsrailə qarşı iddialar qaldırmaqdan çəkindirmək və Bensouda və ya onun ailəsinə zərər verməklə hədələmək məqsədi daşıyırdı. Bayden administrasiyası daha sonra bu sanksiyaları ləğv etsə də, onları yenidən tətbiq etmək cəhdi indi ciddi hüquqi və etik suallar doğurur.
Siyasi müxalifətin güclәnmәsi
Siyasi müxalifət də güclənir. 2024-cü ilin aprelində ABŞ-ın bir sıra respublikaçı senatoru BCM-nin hazırkı prokuroru Kərim Xana xəbərdarlıq göndərdi. Senatorlar həbs orderlərinin qüvvədə qalacağı təqdirdə Xan və digər BCM rəsmiləri və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edəcəklərini bildiriblər.
Praşar deyib: "BCM və hakimlər bilirdilər ki, bu həbs orderlərinin veriləcəyi təqdirdə onlara qarşı sanksiya tətbiq ediləcək və hücuma məruz qalacaqlar. ABŞ nə İsrail üçün, nə də özü üçün heç bir cavabdehlik istəmir. Çünki İsrailin hesabat verməsi ABŞ-ın da məsuliyyət daşıyacağı mənaya gəlir. ABŞ bu soyqırımı həyata keçirmək üçün İsrailə siyasi və hərbi dəstəyi verdi”.
Sanksiyaların BCM-nin istintaqına tәsiri
ABŞ-ın təklif etdiyi sanksiyaların BCM-nin İsrail ilə bağlı apardığı istintaqa mənfi təsir göstərməsi gözlənilmir. Lakin, bu tədbirlər müəyyən çətinliklərə səbəb ola bilər. Məsələn ABŞ-dakı aktivlərin dondurulması, maliyyə qurumlarının BCM ilə əməliyyatlarını çətinləşdirə bilər. Əvvəllər ABŞ-ın BCM-nin prokurorları və əməkdaşlarını hədəf alan anti-BCM kampaniyası qlobal səviyyədə pislənmişdi. İsraildən başqa, heç bir Qərb ölkəsi və ya ABŞ-ın müttəfiqi bu kampaniyanı dəstəkləməmişdir.