Rəsmi Nepal Çinlə “Bir kəmər, bir yol'' təşəbbüsü üzrə çərçivə sazişi imzalayıb. Nepal Xarici İşlər Nazirliyinin çərşənbə günü verdiyi açıqlamaya görə 7 il əvvəl imzalanan ilk sazişdən sonra heç bir irəliləyiş əldə olunmayıb. Yeni müqavilə isə layihələr üzrə əməkdaşlığın başlanmasına imkan yaradacaq.
İyul ayında vəzifəsinin icrasına başlayan Baş nazir K.P. Şarma Oli ilk xarici səfərini Pekinə edib. O, ənənəni pozaraq ilk rəsmi səfərini Yeni Dehliyə deyil, Pekinə həyata keçirib.
Nepal və Çin 2017-ci ildə Çinin infrastrukturunu və dünya ilə ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə “Bir kəmər, bir yol” təşəbbüsü üzrə ilkin sazişi imzalayıb. Lakin son 7 ildə əməkdaşlıq üçün lazımi çərçivə müəyyən edilmədiyi və Nepalın siyasi partiyaları arasında konsensus əldə edilmədiyi üçün heç bir layihə başlamayıb.
Borcla bağlı narahatlıqlar
Yeni sazişin imzalanması hər iki ölkənin layihələrin detalları üzrə irəliləyiş əldə edəcəyini, yolların təkmilləşdiriləcəyini, nəqliyyat dəhlizlərinin müəyyən ediləcəyini və maliyyələşdirmə məsələlərinin həll olunacağını göstərir.
Lakin borcla bağlı narahatlıqlar koalisiya hökumətində müzakirələrə səbəb olub. Baş nazirin əsas dəstəkçisi olan Nepal Konqres Partiyası hər hansı layihənin kreditlə maliyyələşdirilməsinə qarşıdır.
Nepal Xarici İşlər Nazirliyinin rəsmi "X" internet səhifəsində edilən paylaşımda “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yeni sazişin imzalandığı bildirilib. Məsələnin təfərrüatları barədə isə açıqlama verilməyib.
Çin Katmandudan təxminən 125 km qərbdə, Nepalın ikinci ən böyük şəhəri Pokharada beynəlxalq hava limanının tikintisi üçün Nepala 216 milyon dollar kredit verib. Hava limanı ötən il istifadəyə verilib. Lakin rәsmi Hindistanın bu hava limanına uçan təyyarələrin öz hava məkanına daxil olmasına icazəsi vermir.